Hökumət siyasi cəhətdən anlaqlı vəziyyətdə olsaydı, 19 oktyabr aksiyasının keçirilməsində maraqlı olardı
AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində son etiraz aksiyalarının doğurduğu nəticələr, siyasi mübarizənin yeni mərhələsi, müxalifətdaxili və iqtidar-müxalifət münasibətlərindən danışıb.
Amerikanın Səsi: Seymur bəy, ölkədə siyasi fəaliyyət üçün şəraiti necə qiymətləndirirsiniz?
Seymur Həzi: Demək olar ki, Azərbaycanda siyasi fəaliyyət üçün şəriat yox vəziyyətindədir. Sərbəst toplaşma azadlığı siyasi fəaliyyətin ən mühüm atributu kimi sıradan çıxarılıb. İnsanların toplaşmasına, fikirlərini ifadə etməsinə imkan yaradılmır. Əksinə, polis gücü ilə, naməlum təzyiq vasitələri ilə insanlar təndid olunur ki, onlar siyasi fəaliyyətdən imtina etsinlər. Siyasi fəaliyyət sanki dövlətçilik əleyhinə fəaliyyət kimi qiymətləndirilir. Bu məsələdə Azərbaycan Şimali Koreya standartlarına yaxınlaşır. İctimai, siyasi fəallar nəinki siyasi tədbirlər, hətta adi tədbirlər üçün bir çay süfrəsində toplaşa bilmirlər. Mətbuat mərkəzində toplaşa bilmirlər. Avropa Şurası üzvü olan Azərbaycan üçün, eyni zamanda Avropa İttifaqı ilə siyasi və iqtisadi sazişlərə hazırlaşan bir ölkə üçün vəziyyət çox acınacaqlıdır. Yerli və beynəlxalq ictimaiyyət bu məsələdə çox ciddi nəticə çıxarmalıdır.
Amerikanın Səsi: Milli Şura son aksiyalardan sonra siyasi mübarizənin yeni dövrünün başlandığını bildirir. Sizcə yeni siyasi mübarizə dövrü nədən ibarət olacaq?
Seymur Həzi: Milli Şuranın sonuncu tədbirlərinə qədər ölkədə vəziyyət tamamilə başqa istiqamətdə idi. Əslində yeni dövrün ilk imulsiv hadisəsi 19 yanvar 2019-cu il mitinqi idi. Həmin mitinqdə vətəndaşların kütləviliyi və sosial tələblərlə etiraza marağının böyük olduğu ortaya çıxdı. Uzun apatiya (ətalət-red) illərindəın sonra vətəndaşlar özlərinin haqlarının qorunması və tələb olunması qismində Azərbaycan müxalifətinin bir ünvan olduğunu qəbul etdi və ona dəstək verməyə başladılar. Nəhayət, ondan sonra, 8 oktyabrda Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında elan olunmuş piketə tamaşa etmək üçün minlərlə insan Bakının mərkəzinə axışdı. Bu özü bir göstərici idi, yeni bir dövr idi. Çünki 50 nəfərlik piketə tamaşa etmək üçün minlərlə insan Bakının mərkəzinə toplaşmışdı. Bu da daha bir element idi. 19 oktyabra təyin olunmuş mitinq xüsusilə qiymətləndirilməlidir. Bütün əsas müxalifət fəalları, AXCP-nin demək olar ki, əksəriyyət rəhbərliyinin həbs olunmasına baxmayaraq, hətta, hökumətin özünün etiraf etdiyinə görə minlərlə insan Bakı şəhərində bir neçə saat etirazlar edib. Hakimiyyət Bakıda hərəkəti məhdudlaşdırmağa məcbur olub. Bu hakimiyyətin özünün etirafıdır. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, bu artıq Azərbaycan xalqının öz taleyinə biganə olmadığını göstəricisidir və bu biganəliyin aradan qalxması xalqımız üçün çox yaxşı bir siqnalsdır. Bu doğrudan da mübarizə üçün yeni bir dövrdür.
Amerikanın Səsi: Müxalifət düşərgəsində əməkdaşlıq perspektivlərini necə dəyərləndirərdiniz?
Seymur Həzi: Bu fikirdəyəm ki, ümumiyyətlə bu məsələ artıq öz aktuallığını bir mənada itirib. Nəyə görə itirib? Çünki müxalifət düşərgəsi anlayışı artıq etirazçı xalq düşərgəsi məsələsinə çevrilib. Müxalifətçilik artıq bir ünvan deyil, müxalifətçilik, etirazçılıq artıq ümümxalq işidir. O işdə Seymurun olub-olmaması, Seymurun kimlə razılaşıb razılaşmaması heç nəyi həll eləmir. Bu işdə əsas həlledici odur ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxmağa başlayıb və bu məsələdə hamı xalqın yanında olmalıdır ki, xalq da bizim yanımızda olsun. Əməkdaşlığın yeganə ünvanı Azərbaycan xalqıdır. Azərbaycan xalqı hansı qüvvəni seçib onun tədbirlərinə təşkilatçılıq eləyəcəksə, canfəşanlıq eləyəcəksə onun maraqlarını o qüvvə ifadə eləsin, bizim hamımız məcburuq ki, o qüvvənin ətrafında təmərküzləşək.
Amerikanın Səsi: Hazırki anda iqtidarla müxalifət arasında dialoq mümkündürmü və bunun predmeti nə ola bilər?
Seymur Həzi: Nəzəri cəhətdən hətta vəziyyət çətinləşib. Əgər Azərbaycan hökuməti siyasi cəhətdən anlaqlı vəziyyətdə olsaydı bilməli idi ki, 19 oktyabr aksiyasına çox ciddi yanaşmalıdır və həmin aksiyanın keçirilməsində maraqlı olmalı idi. 19 oktyabr aksiyası Azərbaycanda ictimai-siyasi proseslərin öz təbii relsinə qayıtması üçün çox mühüm bir şans idi. Bu şans ondan ibarət idi ki, Azərbaycanda radikal qruplar xalqın narazı kütləsini özünə cəlb etməyə çalışırdı. Hökumət dil boğaza sığmadan deyir ki, dini ekstremizm yaranır, fundamentalizm yaranır. Ona görə yaranır ki, insanların özünün fikrini sərbəst, demokratik qaydada ifadə eləməsinə imkan vermirlər. Hökumət bu məhdudlaşdırıcı siyasətilə xalqı həmin o zorakı metodların yanına itələyir. Ancaq biz canımızı təhlükəyə ataraq 19 oktyabr aksiyasında sübut eləməyə çalışdıq ki, problemlərin həlli yolu məhz bu yoldur. Dinc yoldur. İnsanlara sərbəst toplaşmaq, ifadə etmə şansı verilməlidir. Bu şans veriləcəksə Azərbaycanın xilasi üçün çox mühüm addım olacaq. Amma çox təəssüf ki, hökumət bunu qiymətləndirmədi. Proseslərin siyasi yolla həllində maraqlı olmadı. Görünür, hansısa maraqlar hökuməti vadar edir ki, hadisələr elə radikal məcrada davam eləsin.