Aprelin 13-dən etibarən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində mobil, ev telefonu və internet əlaqələri kəsilib. Partiyanın yaydığı bəyanata görə, AXCP sədrinə informasiya blokadası tədbiq olunur.
Bəyanatda qeyd olunur ki, Əli Kərimli və ailə üzvləri hətta evdən çıxıb ərzaq və lazım olan dava-dərmanı ala bilmirlər. Özünə və ailə üzvlərinə məxsus mobil şəbəkələr xidməti dayandırdığı üçün onlar xüsusi karantin rejimində yaşayış yerini icazəli şəkildə tərk etmək imkanından da məhrum olublar. Əli Kərimlinin evinə gəlib ona kömək etmək istəyən partiya üzvləri isə həbs olunurlar.
Patriya sədri “YouTube”da yayımlanan “Osmanqızı” kanalına müsahibə verəcəyi haqqında anons yerləşdirildikdən sonra informasiya blokadasına salınıb. Məsələyə reaksiya verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov hərdən özünün də eyni problemlə rastlaşdığını bildirib və Əli Kərimliyə telefon stansiyasına, mobil operatoruna müraciət etməyi tövsiyə edib.
Aprelin 20-si AXCP-nin Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı partiya sədrinin “WhatsApp” və “Telegram” hesablarının ələ keçirildiyini elan edib. Bir gün sonra AXCP “Azercell” mobil operatorunun Əli Kərimlinin sosial media hesablarının “Whatsapp” və “Telegram” təhlükəsiziliyin təsdiqi kodlarının xüsusi xidmət orqanlarına ötürdüyünü bildirib.
“Azercell Telekom” isə Əli Kərimlinin internetinin bloklanması ilə bağlılığını təkzib edib. Provayder şirkətin müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirdiyini, “WhatsApp”, “Telegram”, sosial şəbəkələrinin və istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyətinin olmadığını bildirib.
“Fakt Yoxla” Əli Kərimlinin informasiya blokadasına alınmasının yerli və beynəlxalq hüququi normalara uyğun olub-olmadığını araşdırıb.
Konstitusiyanın 12-ci maddəsi Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi olduğunu elan edir və dövlətin xalqın və hər bir vətəndaşın sosial müdafiəsinin qayğısına qaldığını bəyan edir.
Konsitusiyanın 28-ci və Azərbaycanın da tərəfdaş çıxdığı Avropa Konvensiyasının 5-ci maddəsində isə hər kəsin azadlıq hüququnun olduğu və bu hüququn yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbs etmə və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla biləcəyi təsbit olunub. Konvensiyanın 18-ci maddəsi isə bu hüququn yalnız Konvensiyada nəzərdə tutulan məqsədlərlə məhdudlaşdırıla biləcəyini qeyd edir.
Əli Kərimlinin internet, simli telefon və mobil telefon şəbəkələrinin kəsildiyinə görə mövcud karantin rejiminin qaydalarına uyğun şəkildə yaşadığı evdən bayıra çıxmaq üçün nəzərdə tutulan icazə mexanizimindən istifadə edə bilmir. O bu müddət ərzində fatiki olaraq “ev həbsində” qalmağa məcbur edilir və bu onu siyasi fəaliyyətindən məcburi təcrid mahiyyəti daşıyır.
Əli Kərimli və onun ailəsi gündəlik yaşam üçün zəruri olan qida və dərmanları əldə etmək üçün yaşadıqları yeri tərk ed bilmirlər. Bu isə onun həm Konstitusiya və Konvensiyanın təminatı altında olan azadlıq hüququndan, həm də dövlətin ali məqsədi elan edilmiş layiqli həyat səviyyəsi hüququndan məhrum edilməsi deməkdir.
Əli Kərimli aparıcı müxalif partiyalardan biri olan AXCP-nin sədridir. O partiya işlərinin aparılması, tərəfdaşları ilə daimi əlaqə saxlamaq, həmfikirlərinə müraciət etmək və müstəqil KİV-də müsahibələr və siyasi debatlarda iştirak etmək üçün daimi internetə çıxış və mobil telefonundan istifadə etmək ehtiyacı duyur. Tətbiq olunmuş blokada onun partiya sədri kimi fəaliyyətlərini də məhdudlaşdırır. Bu isə özlüyündə vətəndaşın Konstitusiya ilə təminat verilən fikir və söz azadlığına (maddə 47), Konstitusiyanın 50-ci maddəsi, eləcə də “İnformasiya əldə etmək haqqında” Qanunla təsbit edilən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına qanunsuz müdaxilədir.
Bu kimi hüquq və azadlıqlara müdaxilə həm də bərabərlik hüququnun pozulması deməkdir. Konstitusiyanın 25-ci maddəsinə görə, dövlət əqidəsindən, siyasi partiyalara və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq isə qadağan edilir.
Bərabərlik hüququnun pozulması cinayət qanunvericiliyi ilə də kriminallaşdırılıb. Cinayət Məcəlləsinin 154-cü maddəsinə görə, bu hüququn pozuntusu da insan və vətandaşın konstitusion hüquqları əleyhinə olan cinayətlər sırasındadır.
Əli Kərimlinin siyasi fəaliyyətinə görə informasiya blokadasına alınması eyni zamanda onun Konsititusiya ilə təsbit edilmiş cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak (maddə 54) və dövlət orqanlarının və onların vəzifəli şəxslərinin işini tənqid etmək, tənqidə görə təqib olunmamaq hüququnun pozuntusudur (maddə 57.2).
Əli Kərimlinin “WhatsApp” və “Telegram” hesablarının sındırılması onun şəxsi təhlükəsizlik hüququ (maddə 31), şəxsi və ailə həyatının toxunulmazlığı, telefon danışıqları və yazışma sirrini saxlamaq hüquqlarına (maddə 32) olan dövlət təminatının ziddinədir və konstitusion hüquqlarının pozuntusudur.
“WhatsApp” və “Telegram”-dan istifadə qaydalarına görə bu proqramlar yalnız təhlükəsizlik kodları istifadəçinin mobil nömrəsi ilə təstiqləndikdən sonra aktivləşdirilə bilər. Əli Kərimlinin sosial şəbəkə hesablarına giriş üçün təhlükəsizlik kodları onun fərdi məlumatlarına daxildir. Bu məlumatların mobil operator tərəfindən ötürülməsi cinayət məsuliyyəti yaradır.
“İnformasiya əldə etmək haqqında” Qanunun 10-cu maddəsinə görə, informasiya sahibləri mobil operatorlar da daxil olmaqla informasiyanın əldə olunmasının təşkili üçün məsuliyyət daşıyır. “Fərdi məlumatlar haqqında” Qanun isə operatorun üzərinə fərdi məlumatların təhlükəsizliyini təmin etmək öhdəliyi qoyur. Cinayət Məcəlləsi yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini (maddə 155) və şəxsi həyatın toxunulmazlığını pozmaya (maddə 156) görə cinayət məsuliyyəti nəzərdə tutur.
Təhlükəsizliyi təsdiq kodları istifadəçinin kompyuter məlumatlarına daxildir və bu məlumatların qanunsuz olaraq xüsusi xidmət orqanları və ya hakerlər tərəfindən ələ keçirilməsi və kompyuter sisteminə daxil olunması Cinayət Məcəlləsinin kompyuter məlumatlarını qanunsuz ələ keçirmə (maddə 272) və kompyuter sisteminə qanunsuz daxil olma (maddə 271) maddələri ilə cinayət məsuliyyəti yaradır.
“Telekomunikasiya haqqında” Qanuna görə, Azərbaycanda telekommunikasiya şəbəkələri ilə ötürülən məlumatların məxfiliyi Konstitusiya ilə qorunur. Qanunla operatorlar və provayderlər üzərinə şəbəkələri vasitəsi ilə ötürülən məlumatların məxfiliyini təmin etmək öhdəliyi qoyulub (maddə 38). Lakin 2006-cı il oktyabrın 20-də bu qanuna edilən dəyişikliklə vətəndaşların şəxsi məlumatlarına rahatlıqla müdaxilə etməyə yol açan normalar daxil edilib.
Qanunun 39-cu maddəsinə görə, operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının (Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Xüsusi Dövlət Mühafizə Xidməti) müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə və bu tədbirlərin həyata keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludurlar. Lakin operatorların ofislərinə və ya serverlərinə yerləşdirilən qurğuların hansı qanunla və ya hansı məhkəmə qərarı ilə yerləşdirilməsi və lazım olan məlumatları kimlərin izləyəcəyi ilə bağlı qanunda konkret müddəa yoxdur. Bu isə mobil operatorlara məhkəmə qərarı olmadan şəbəkə içərisinə xüsusi avadanlıqların yerləşdirilməsi və insanların fərdi məlumatlarının izlənməsi imkanı verir.
Avropa İnsan Hüquqları Məhkəmisinin oxşar işlərdə mövqeyi qətidir. AXCP sədri Əli Kərimli kimi eyni vəziyyətlə üzləşmiş Rusiyanın müxalif mövqeli İnkişaf Patiyasının (“Партия прогресса”) lideri “Aleksey Anatolyevich Navalnyy Rusiyaya qarşı” işində Məhkəmə siyasətçinin ünsiyyət, yazışma və internetdən istifadəsinin məhdudlaşdırılmasını plüralizmi yatırmaq məqsədi daşıdığı qənaətinə gəlib və dövlətin Avropa Konvensiyasının 10-cu maddəsini pozduğu faktını qeydə alıb.
Sosial media hesablarının ələ keçirilməsi təcrübəsi ilə bağlı Məhkəmə “Kablis Rusiyaya qarşı” işində aktivistin “Vkontakte” hesabının və internet bloqunun ələ keçirilməsinin onun ifadə azadlığını məhdudlaşdırmağa hesablandığını və Konvensiyanın 10-cu maddəsinin pozuntusu olduğu qənaətinə gəlib.
“Roman Zaxarov Rusiyaya qarşı” işində isə Məhkəmə mobil şəbəkə operatorlarının Federal Təhlükəsizlik Xidmətinin (“FSB”) ilkin məhkəmə icazəsi (qərarı) olmadan bütün telefon danışıqlarını dinləməsinə imkan verən avadanlıqlar quraşdırması, şəxsi həyata dair məlumatların ələ keçirilməsi ilə bağlı təhlükələrin mövcudluğu Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozuntusudur.
Avropa Şurasının Nazirlər Komitəsi üzv dövlətlərə “İnternet İstifadəçiləri üçün İnsan Hüquqları Bələdçisinə dair” tövsiyyəsində internetə çıxışın insanların hüquq və azadlıqlarını həyata keçirmək və demokratiyada iştirak etmələri üçün vacib vasitə olduğunu qeyd edib. Buna görə də, məhkəmə qərarının olduğu hal istisna olmaqla, insanların internetləri onların iradəsi əleyhinə kəsilə bilməz. Nazirlər Komitəsi internet istifadəsinə dair ayrıseçkiliyə yol verməyi qadağan edir, şəxslərin onlayn rejimdə özünü ifadə etmək, informasiyaya və başqalarının fikirlərinə və ifadələrinə çıxış əldə etmək azadlığının olduğunu qeyd edir.
Bələdçi internet xidmət provayderləri və onlayn xidmət təminatçılarının insan hüquqlarına hörmət etmək və istifadəçilərin iddialarına cavab vermək öhdəliyinin olduğunu vurğulayır. Avropa Şurasının Nazirlər Komitəsi üzv dövlətlərinə internetin xalqa xidmət dəyərini təbliğ etməyi tövsiyə edib və hər kəsin internetə qoşulmasını təmin etmək üçün dövlət orqanları tərəfindən müsbət addımların atılmalı olduğunu vurğulayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əli Kərimlini qanunsuz olaraq informasiya blokadasına alınıb və bu onun Konstitusiya ilə təmin edilən bərabərlik hüququ və ifadə azadlığına hökumət tərəfindən qanunsuz müdaxilədir. Siyasətçinin sosial media hesabları, telefon və mobil telefon xətlərinə edilən müdaxilələr isə onun Konstitusiya ilə qorunan təhlükəsiz yaşamaq və şəxsi toxunulmazlıq hüquqlarının pozuntusudur. Partiya sədrinə qarşı edilən hərəkətlər Telekommunikasiya, İnformasiya əldə etmək və Fərdi məlumatlar haqqında qanunların müddəalarına ziddir və cinayət qanunverciliyi ilə kriminallaşdırılmış əməllərdir. Yuxarıda sadalananlar həm də Avropa Konvensiyasının müddəalarının pozuntusu halıdır.
Faktyoxla.info
Mənbələr:
Azadlıq Radisou; AXCP; “Əli Kərimlinin evində internet kəsilib…”
Azadlıq Radiosu, DİN-dən Əli Kərimliyə: “Telefon stansiyasına, mobil operatoruna müraciət etsin…”
OSMANQIZI TV, “Əli Kərimli ilə alınmayan müsahibə
“Turan” agentliyi, “Əli Kərimli beşinci gündür blokada şəraitindədir”
OSMANQIZI TV, “Əli Kərimlidən xəbər var – Hesabları ələ keçirilib”
“Azadlıq” qəzeti, “Əli Kərimlinin WhatsApp və Telegram hesabları ələ keçirilib”
e-qanun.az, Azərbaycan Respublikasının Konstitusiyası
e-qanun.az; “İnformasiya əldə etmək haqqında” AR Qanunu
e-qanun.az; Cinayət Məcəlləsi
e-qanun.az; “Telekommnikasiya haqqında” Qanun
AİHM, Navalnyy Rusiyaya qarşı
Avropa İnsan Hüquqları Konvensiyası
AİHM Roman Zaxarov Rusiyaya qarşı
Avropa Şurası, Nazirlər Komitəsinin üzv Dövlətlərə İnternet istifadəçiləri üçün İnsan Hüquqları Bələdçisinə dair Tövsiyəsi