
Bəxtiyar Hacıyev
Bayram Məmmədovun Türkiyədə ölümü ilə bağlı açıq qalan şübhəli bəzi suallar var.
Onunla birlikdə “heykəl məhbusu” olmuş Qiyasəddin İbrahimov qısa müddət əvvəl Türkiyədən heç bir ciddi səbəb göstərilmədən deport edilmişdi.
Türkiyədə küçəyə çıxmaq qadağası var və Bayram Məmmədovun dəniz kənarına gedib, orada başmağını suya düşürüb, onun arxasınca dənizə girəcək biri olmadığını hamı bilir. Amma İstanbul polisi əvvəlcə Bayramın dostlarından intiharla bağlı suallar soruşublar, bu gün isə deyirlər ki, Bayram başmağını götürmək üçün dənizə girib, sahil mühafizəsi fit çalıb, amma o dayanmadan dənizə girib və boğulub.
Maraqlıdır, əgər polisdə şahid ifadələri vardısa, onun yaxınlarından niyə intihar barədə suallar soruşublar, Azərbaycan hökumətyönümlü mediası da niyə dərhal intihar versiyasını tirajladı?
Sahildə boğulubsa, sahil mühafizəçiləri fit çalıblarsa, dostlarının dediyinə görə dərin olmayan, qayalıq ərazi olan Kadıköy Moda sahilində onu xilas etmək mümkün olmayıbmı?
Bayram Məmmədov həbsdən əfv sərəncamı ilə azad olunduqdan 15 gün sonra 30 günlük yenidən həbs olunmuşdu. Onunla birlikdə azadlığa çıxmış digər “NİDA”çılar da təqib olunurdular.
Suallar çoxdur. Hər halda qısaca “intihar edib”, yaxud “başmağı suya düşüb, o da arxasınca gedib, boğulub” deyilərək bağlanacaq sıradan bir ölüm deyil. Hərtərəfli araşdırılmalıdır.