
Gəncə təcridxanasındakı rüşvətin preyskurantı
Yenicə həbsdən çıxan jurnalist Zaur Qəmbərov Gəncə istintaq təcridxanasında gördükləri barədə maraqlı yazı paylaşıb. Jurnalist təcridxanada hansı imtiyazlar üçün nə qədər rüşvət alındığını sadalayır və Ağstafanın həbs edilən keçmiş icra başçısı Nizaməddin Quliyevlə müavini Ramiz Tatarovun orada özlərinə necə lüks şərait yaratdıqlarını təsvir edir.
Öncə keçmiş icra başçısı və müavininin şəraiti barədə. Jurnalist yazır:
- Qapıdan bir nəfər girdi. Gəncənin keçmiş icra baçısı Eyvaz Babayevin bacısı oğlu idi. Bildirdi ki, 24 nömrəli otağı dağıtdılar ki, bəs telefon işlədirsiniz. Amma telefon yox imiş. Həmin 24 nömrəli otaq supertəmirli otaqdır. 4 çarpayı var. Hər çarpayının qiyməti 500 manatdır. Məsələ başqa imiş. Nizaməddin Quliyevə və Ramiz Tatarov Bakıdan Gəncə Ağır Cinayətlər Məhkəməsinə hökm oxunmaq üçün etap gətiriblərmiş, otaq da onlara hazırlanırmış. Elə də oldu. Həmin şəxslər 24 nömrəli otağa yerləşdirildi. Təbii ki, pulsuz yox. Hər ay sözügedən məbləği ödəmək şərtilə.
N.Quliyev və R.Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdirdilər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük dioqanallı televizor, playstation, döşəməyə xalça və s. təşkil etdirdilər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürdülər.
Təcridxanadakı qanuni və qanunsuz xidmətlər üçün alınan rüşvətə gəlincə, jurnalist belə bir siyahı təqdim edir:
- Məhbus yaxınları ilə görüş 70 manatdır;
- Məhbus yaxınları ilə telefon danışığı dəqiqəsi 1 manatdır;
- Məhbusa yaxınları pul gətiribsə hər 100 manata görə 10 manat pul tuturlar;
- Məhbuslar tərəfindən təmir edilən supertəmirli otaqlar həmin məhbus Cəzaçəkmə Müəssisəsinə (zona) getdikdən sonra hər çarpayını növbəti gələn imkanlı məhbusa 500-1000 manata satılır;
- Hamama 5 manat verməsən suyu gah isti, gah da soyuq buraxırlar;
- 1 otaqdakı məhbuslardan hər ay 75 manat işıq və televizor pulu alınır. Təxmini 100-ə yaxın otaq var;
- Sadə, təmirsiz otaqdan digər təmirsiz otağa keçmək 50 manatdır;
- Zona getmək istəməyən məhbusun işləyən məhbusların otağına keçmək qaydası var. 65 nömrəli otağa. Əgər həmin otağa keçib də işləmək istəmirsənsə, ayda 100 manat verməlisən. İşçilərin otağına keçmədən öz otağında qalaraq zona getmək istəmirsənsə, həftədə 100 manat ödəməlisən;
- Türmənin suyuna nəsə qatırlar, üzünə dəhşət yağlı ərp yığılır. Məcbur içməyə suyu mağazadan alırsan. Su 1 manatdır;
- Pəncərədən başqa otaqdakı məhbusla danışırsansa 5 manat ödəməlisən;
- Yemək qəsdən yararsız və kefiyyətsiz bişirilir. Yeyəndə mədə və bağırsaq xəstəliyi qaçılmazdı. Bu hesablanmış edilir. Məcbur ya evdən gətirtməlisən ya mağazadan almalısan. Yemək yeyilmədiyinə görə məhbus sayına görə deyil, çox az bişirilir. Bişirilməyən yeməyin yağı, makaronu, əti, kələmi və s. çiy halda içəridəki mağazaya qoyularaq məhbusa satılır. Məsələn dövlət tərəfindən verilən makaronun 1 kq-ı 1 manatdır;
- Sovqatı otaqlara daşıyan işçi məhbuslar hər gün 6 manat rəhbərliyə pul ödəməlidir. O da sovqat yiyəsindən məcbur 1 manat yaxud 1 paçka siqaret almalıdır;
- İçəridəki mağazada hər şey çöldəkindən 50 faiz bahadır. Məsələn, 50 qəpiklik filtirsiz siqaret içəridəki mağazada 1 manatdır;
- Qanunsuz telefon işlətmək ayda 1000-2000 manat arasıdır;
- Otaqda xarab olan televizoru, qızıdırıcını, krantı və s. məhbuslar öz hesablarına bərpa etməlidir;
- Xəstə olmadan belə tibb məntəqəsində qalmaq ayda 50 manatdır və s.