
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Uzun bürokratik əngəllərdən sonra yalnız bu gün Bayram Məmmədovun ölümündə “şübhəli” məqamlar təsdiqlənib. Hadisə yerində müxtəlif polis idarələrinin qapısını döyün Bayramın dostu Elgiz Gahraman nəhayət “Morgdakı” sənədləşmədən öyrənə bilib ki, Bayramın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb. Zatən millətə bu hadisə haqqında xəbər tutduğu andan bəli idi, Hadisəni ora-bura yozan rəsmi dairələr və intihar versiyasını tirajlayan Azərbaycanın hakimiyyətin nəzarətində olan media, rejimin əlaltıları, trolları idi.
Gənc yaşlarında həyatın bütün çətinliklərini, işgəncələrin bütün şiddətini, təqiblərin bütün formalarını görmüş bir gənci bir “çəkələyə” qurban vermək istəyirdilər. Bayram bəyin evdən çıxması ilə dənizə “düşməsi” arasında 3 saata yaxın vaxt var. Sərt karantin və ciddi polis nəzarəti tətbiq edildiyi bir şəraitdə bu 3 saatı Bayram Məmmədov harada olub, kimlə və ya kimlərlə olub? Kameralar şəhəri olan İstanbulda bu 3 saat ərzində Bayram bəyi qeydə alan olubmu? Sərt karantin şəraitində Bayram bəy niyə sənədsiz (pasportsuz) çıxıb küçəyə? Bu müddət ərzində küçədə ondan sənəd göstərilməsin soruşan olubmu?
Cəsədin sudan tapılması hadisənin sonudur, başlanğıcı deyil. Müəmma bu 3 saatdır. Bayram Məmmədovla bağlı nə baş veribsə bu 3 saat ərzində baş verib. Hadisənin təfərrüatları ilə bağlı İstabul polisi ilə Kadıköy polisinin açıqlamalarında, eyni zamanda polis orqanlarının onun dostlarına verdiyi məlumatla rəsmi açıqlamalar arasında ciddi fərqlər və ziddiyyətlər var. Amma son məlumatlardan bir mühüm məsələ aydın olur ki, polis orqanları Bayram Məmmədovun kimliyini biliblər və gizlədiblər. Yalnız bu gün Bayramın ölümünün şübhəli olduğu “etiraf” edilib.