
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Hakim ailənin ölkəni açıq düşmənçiliklə taladığını qorxmayıb danışanlar da, qorxub susanlar da, hamı bilir. Necə taladığını Wikiliks, Panamaqeyt, Landromat materiallarında ümumi mənzərəni əks etdirən rəqəmlər göstərdi.
Qənimət Zahidin dünən ictimaiyyətə təqdim etdiyi araşdırmasının özəlliyi, dəyəri bir də ondadır ki, Qənimət bəy təsəvvür belə edilə bilinməyən adsız, sifətsiz bir bədheybətin rəqəmlərlə, ünvanlarla, adlarla cizgilərini cızır. Eşq olsun deyirəm Qənimət bəyə bu mükəmməl araşdırmaya görə. Təbii ki, tam deyil, bu hələ başlanğıcdır. Amma əminəm, bu sərhədsiz, müdhiş talanın bütün tonları, cizgiləri ilə tam portreti mütləq çəkiləcək.
Yəqin ki, bu araşdırmaya baxan bir çoxları fikirləşəcək ki, bu Leyla Əliyevada fərasətə bax e, dünyanı tikib qurur. Amma elə deyil. Bu işləri dövlət görüb. Vəsait dövlətin, imza dövlət yetkililəri Samir Şərifov və Elman Rüstəmovun, sərəncam dövlət rəhbərinin. Dövlət öz iqtisadiyyatını öz sərhədlərindən kənarda qurur, kimlərinsə adına qurur, özü öz vəsaitlərini dövlətsizləşdirib özündən alır. Dövlət öz əli ilə özünü çökdürür. Problemlərimiz izahı mümkün olmayan bu xəyanətdədir, heç nədən utanıb ya qorxub çəkinmədən həyasızlıqla həyata keçirilən bu düşmənçilikdədir.
Bu işləri bu miqyasda həyata keçirmək Leyla Əliyeva ağlının işi deyil. O sadəcə dövlət əmlakının mənimsənilməsinin əsas iştirakçılarından biridir. Leylanın ağlı ancaq məsələn, Moskvanın göbəyində tarixi abidə kimi qorunan tarixi binanı söküb yerində çoxmərtəbəli bina tikdirməyə çatar. Zatən onların tarixlə düşmənçiliyi təzə şey deyil. Bakıda Qız qalası kimi tarixi abidənin tarixiliyini viran qoyan vandallar üçün yad ölkənin tarixinin nə əhəmiyyəti ola bilər ki.
Hərçəndi bilmək olmaz bunlar üçün hansı ölkə yaddır, hansı doğma.