
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Almaniyanın Azərbaycandakı səfirliyinə və ölkədəki diplomatik korpusa müraciət edib. O, müraciətində həyatının təhlükə altında olduğunu vurğulayıb.
Aclıq aksiyasından sonra sabiq deputatın səhhətində problemlər yarandığına görə o, aprelin 27-də saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Abdullayev hazırda da orada saxlanılır. Lakin o, lazımi müalicə almadığını iddia edir.
“Burada heç bir müalicə aparılmır. Məni bağlı otaqda saxlayırlar, gəzintiyə buraxmırlar. Təxribata çəkməyə çalışırlar. Birmənalı olaraq, ölümümə qərar verilib. Ola bilsin ki, məni öldürüb, sonra desinlər ki, guya, özümə qəsd etmişəm”, – Abdullayev diplomatik korpusa müraciətində yazır.
Almaniya səfirliyinə vəkilləri və anası vasitəsilə dəfələrlə müraciət etdiyini bildirən sabiq deputat qarşı tərəfin münasibətindən məyus olduğunu vurğulayıb.
O istəyir ki, Almaniya və digər Avropa ölkələrinin hökumətləri Azərbaycan iqtidarından BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupunun onunla bağlı qərarının icrasını tələb etsin.
Bu qurumun qərarında Abdullayevin həbsinin əsassız olduğu qeyd olunub, onun azadlığa buraxılması istənilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bundan öncə AzadlıqRadiosu-na açıqlamalarında məhbusların təhlükəsizliyi və sağlamlığıyla bağlı məsələyə həssas yanaşdıqlarını bildirib:
“Məhbusların sağlamlığı, təhlükəsizliyi Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Bunun üçün lazım olan bütün tədbirlər görülür. Məhbuslar arasında ayrı-seçkilik qoyulmadan onların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur”.
Azadlıq radiosu