
Qurucu babalarımız cümhuriyyətə qədər hansı mərhələləri keçiblər?
Emil Səlim
Bilirik ki, Çar Rusiyasının başlıca məqsədi Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv etmək, əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini sıradan çıxarmaq olub. Təsadüfi deyildi ki, Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrilmişdi.
Rusiya imperiyası o zaman da çalışırdı ki, Azərbaycanlılar mərkəzi hakimiyyət idarəçiliyində təmsil olunmasınlar.
Ziyalılarımızın Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası irəli sürməsi çarizmi qorxutmuşdu.
Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov, Əsədullayev, Ağayev, Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər. Bu və digər ziyalılar hətta Rusiyanın ilk dövlət Dumasına seçilə bilmişdilər. Onların milli fəaliyyəti Rusiyanı necə vahiməyə salıbsa, bir çox səbəblərdən I və II Dövlət Dumalarının buraxılması ilə nəticələnib. Sonradan isə, hətta Bakıya öz nümayəndəsini irəli sürmək hüququ verilməyib.
Xalqımızın Çarizmə qarşı milli hərəkatın görkəmli nümayəndələri olmuş bu ziyalılar Rusiya vasitəsilə Qərbin demokratik dövlət quruculuğu ənənələri ilə, parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi. Artıq illər keçdikdə onlar azad, demokratik, insan haqlarına söykənən dövlət idarəçiliyini, parlamentarizmi mənimsəmişdilər. Bu azadlıq ideyaları qabaqcıl ziyalılarımız vasitəsilə bütövlükdə xalqımıza da sıçramış, ilk fürsətdə özünə demokratik, azad bir cümhuriyyət qurması ilə nəticələnmişdir.
Azərbaycanı 103 il sonra bu gün yenə oxşar ssenari və imperiya siyasəti ilə əsarətdə saxlamaq olar. Lakin bu, əbədi davam etməyəcək. Xalqımız nə zaman fürsət düşübsə azadlıqdan, demokratiyadan yana olub. Bu xalqın qanında mütərəqqilik, müasir idarəçilik ənənəsi varsa, onu qorxu ilə məhv etmək mümkün olmaz. İnanıram ki, buxovların yenidən qırılması, milli oyanış uzaqda deyil.