Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü - FOTOLAR

  • By Günel
  • 30 Avqust 2025 08:04

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.

Gununsesi.info “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu istiqamət üzrə sonuncu dəfə 1993-cü ildə hərəkət edən qatarlar artıq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarları ilə əvəz edilib.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

Yeni hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.

Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.

Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkündür.

Gununsesi.info