“Azərbaycan Dəmir Yolları” ölkədaxili sərnişin və sürət qatarlarında gediş haqlarını qaldırır.
Bu haqda AzadlıqRadiosu-na “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.
Cəmiyyətdən deyiblər ki, gediş haqlarının qaldırılması sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu qərarın həm də çevik tarif tənzimlənməsini təmin etməklə bağlı olduğu bildirilir.
“Azərbaycan Dəmir Yolları”nın qərarına görə, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Bu, gediş haqlarının 20 faiz artırılması deməkdir.
Qərar iyulun 15-dən etibarən tətbiq olunacaq.
Dəmiryollarında gedişhaqlarının artımı sonuncu dəfə bu ilin martında qeydə alınmışdı.
Bakı-Sumqayıt-Bakı marşrutunda gediş haqları 10 qəpikdən 40 qəpiyə kimi artırılmışdı.
Oxunub: 360