Dövlət Statistika Komitəsi boşanmalarla bağlı statistika verib. 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 044 nikah və 6 207 boşanma halı qeydə alınıb.
Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Ekspert Azad İsazadə deyir ki, boşanmaların sayının artmasında bir neçə müsbət və mənfi amil var. Bəzən belə ailələrdə boşanma yeganə çıxış yolu olur:
“İnsanlar bir-birini sevmir və incidirsə, boşanma sanki bir xilasolma yolu olur. Əsasən də incitmək kişi tərəfdən olur. Xanım döyülürsə, işgəncəyə məruz qalırsa, uşaqlar psixoloji travma alırsa, boşanmalar baş verir. Amma bu o demək deyil ki, mən boşanmaların tərəfdarıyam. Boşanmaların çoxli mənfi tərəfləri də var. Ilk növbədə natamam ailədə böyüyən uşaqların tərbiyə və təhsilində də natamamlıq olur. Onlar məktəbdə və ailə quranda natamamlıq hissindən böyük çətinliklər yaşayırlar. Ona görə də ailəni saxlayıb, yaxud, boşanmaq baxımından məsələyə diqqətlə yanaşmalıyıq. Ailədə uşaq daha çox ziyana məruz qalırsa, onda boşanmanın tərəfdarı oluruq. Bəzən də məhz uşağa görə ailəni bərpa etməyə çalışırıq”.
Ekspert deyir ki, boşanmalar təkcə ailədaxili deyil, sosial proseslərdən də asılıdır. Xanımların oxuyub-işləmək, karyera qurmaq məqsədindən dolayı kişidən asılı olmaması da məsələyə təsir edir. Ailə dağılma ərəfəsində bütün məsələlər müzakirə edilərək onu saxlamaq niyyəti ortaya qoyulur. Lakin nəticədə yenə də boşanma olursa, boşanmaya bir səbəb deyil, kompleks amillərin təsir etdiyi meydana çıxır.
azadlıq.info
Oxunub: 392