İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, şikayət iyulun 6-da Nəsimi rayon Məhkəməsinin veridiyi qərarla razılaşmaması ilə bağlı olub.
Belə ki, şikayət bu ilin mayın 29-da Əfqan Muxtarlının üzərinə qanunsuz baxış keçirilməsindən, telefonuna qanunsuz baxış keçirilməsindən, whatsapp, facebook, e-mail və.s. şəxsi hesablarına qanunsuz daxil olunmasından verilən şikayətin icraata qəbul edilməsindən imtina ilə bağlı idi.
Bu günki apellyasiya məhkəməsində hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, məhkəmədə Əfqan Muxtarlı da iştirak edib.
E.Sadıqov qeyd edib ki, jurnalistin səhhəti daha da ağırlaşıb, mədəsində ağrılar kəskinləşib.
“Dünən Ombudsman Apparatının əməkdaşı onunla görüşüb. Lakin Ombudsman Aparatının əməkdaşı kamera şəraitində jurnalistin yeməyini isitməsinə şərait yaradılması ilə bağlı hər hansı kömək göstərməyib”, vəkil qeyd edib.
Vəkil Ə.Muxtarlı ilə bağlı yerli məhkəmələrdə olan bütün işlərin yekunlaşdığını, onun şikayətini yaxın günlərdə Avropa Məhkəməsinə göndəriləcəyini bildirib.
Ötən dəfə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov həbsdəki jurnalistin vəkillərinə göndərdiyi məktubda Muxtarlının təcridxanaya gələrkən tibbi müayinədən keçirildiyini, səhhətində ciddi problem olmadığını qeyd edib.
“Müayinə zamanı o, şəkər diabeti xəstəsi olduğunu, arterial təzyiqini hipotenziv preparatlarla tənzimlədiyini bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji, müayinələrdən keçirilib. Nəticədə onun bədən səthində heç bir xəsarət izləri, o cümlədən hər hansı bir qabırğa sınığı aşkar edilməyib. Aparılan laborator analizlərin nəticəsində yalnız şəkərin miqdarının normadan bir qədər yüksək olduğu aşkar edilib”.
Öz növbəsində Ombudsman Apparatından şərh almaq olmayıb.
Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalistin sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirir ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılığa görə) maddələri ilə ittiham irəli sürülüb.
Rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar. (contact.az)
Oxunub: 70