Uzun illərdir ki, hər rübün sonunda İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyri-neft sektorunun“uğurlu inkişafından” danışır. Son 5 ildə isə çıxışlarında iri fermer təsərrüfatlarının, yeni aqroparkların yaradılacağını və bunun sayəsində ölkənin istehsal, ixrac potensialının artacağını vəd edir. Qeyd etməliyəm ki, son zamanlar hakimiyyətdə təmsil olunan oliqarxlar iqtisadiyyatın digər sektorlarında olduğu kimi kimi kənd təsərrüfatının da ən ,ox gəlir gətirən sahələrini öz əlində cəmləşdirərək inhisarçı mövqe yaradıblar. Dövlətin maliyyə dəstəyi hesabına 32 iri fermer təsərrüfatı yaradılmışdır ki, bunlar da yüksək vəzifəli dövlət məmurlarının, məmur-oliqarxların nəzarətindədir. Uzun müddət fəaliyyət göstərən həmin iri fermer təsərrüfatlarının hər birinin istifadəsində 20-30 min hektar əkin sahəsi olsa da ölkənin ərzaq təminatında rolları nəzərə çarpacaq dərəcədə də deyil. İri fermer təsərrüfatlarının yaradılmasında əsas məqsəd ölkənin ərzaq buğdasına olan təlabatını daxili istehsal hesabına təmin etməkdən ibarət olub. Yəni hökumət bu istiqamətə büdcə vəsaitləri hesabına yüz milyonlarla manat maliyyə resursları ayıran zaman belə əsaslandırırdı ki, yaradılacaq iri taxılçılıq təsərrüfatları ölkənun ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynayacaq. Bir müddət əvvəl İlham Əliyev Cəlilabadda istifadəyə verilən iri fermer təsərrüfatının açılışında demişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sahənin inkişafında iri fermer təsərrüfatlarının mühüm rolu vardır. Lakin həmin təsərrüfatlar yaradıldıqdan sonra nəinki kənd təsərrüfatı məhsulları, ərzaq malları istehsalı artdı, əksinə, idxaldan aslılıq yarandı. Artıq son 3-4 ildə ölkənin ərzaq buğdasına olan ehtiyacı tamamilə idxalın hesabına ödənilir. Gömrük komitəsinin təqdim etdiyi statistikada bu ilin 6 ayı ərzində ölkəyə ət və ət məhsulları idxalı fiziki çəkidə 2 dəfə, dəyər ifadəsində 2,6 dəfə, süd idxalı 60 faiz artmışdır. Altı ay ərzində ölkəyə 442 min ton buğda, 52 min ton bitki və heyvan mənşəli piylər və yağlar, 5,4 min ton çay, 149 min ton şəkər idxal olmuşdur ki, bu da ölkənin bu adda olan məhsullara olan təlabatının 100 faiz idxal hesabına ödənilməsi deməkdir.
Nazirlər Kabinetinin iclasında İlham Əliyev deyib: “İndi 38 böyük aqropark yaradılır. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır.” Əvvəla aqroparkların yaradılması öz-özlüyündə ölkənin istehsal, ixrac potensialını artıra bilməz. Bunun üçün bu sahədə əsaslı, sistemli işlər görülməlidir. Azərbaycan hökuməti buna qadir deyil. İkincisi də Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar bu məsələdə də öz merkantil maraqlarını təmin ediblər. Aqroparkların əsas sahibləri kölgədə qalsa da onların kimliyi artıq bəllidir. Münbit əkin sahələrini ələ keçirmiş məmur-oliqarxlar indi də kənd təsərrüfatı məhsullarının emalını, daşınmasını, tədarükünü və satışını inhisara alırlar. Bu yolla onlar kiçik fermer, kəndli təsərrüfatlarını tamamilə sıradan çıxaracaq və yaxud da də özlərinə tabe edəcəklər. İşsizlik, yoxsulluq səviyyəsi yüksək olan Azərbaycan üçün bu çox təhlükəli tendensiyadır. BMT-nin FAO təşkilatının məlumatına görə “kiçik fermer, kəndli təsərrüfatları dünya əhalisinin 70 faizini ərzaqla təmin etməklə yanaşı həm də az gəlirli olan ölkə əhalisinin 60-80 faizinin əsas dolanışıq mənbəyidir”.
Oxunub: 322