Nəsimı Məmmədli
Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonunadək keçirilməsi gözlənilən görüşü nə vəd edir?
Məsələyə geniş baxsaq, Qarabağ problemini yaradan və onu istədiyi kimi idarə edən Rusiya və Ermənistandır. Bu iki dövlətin strateji ortaqlığı var və Rusiyanın imperiya ambisiyaları davam etdikcə Ermənistan öz iddialarından imtina etməyəcək. Rusiyanın otraya qoyduğu nizamlama təşəbbüsləri heç vaxt Azərbaycan xalqının maraqlarına uyğun olmayıb və olmayacaq. Problemin həllinə indiki yanaşma dəyişməsə, hələ uzun illər Qarabağ probleminə görə əhalisi əziyyət çəkən, itkilər verən ölkə Azərbaycan olacaq.
Reallıq budur ki, erməni-rus hərbi birləşmələri ərazilərimizi birlikdə işğal edib və öz şərtlərini diktə edir. Status-kvonun bu şəkildə davam etməsindən nə beynəlxalq sülhyaratma missiyası, nə də Ermənistan narahatdır. Ermənilər işğal etdikləri ərazilərimizdə məskunlaşma həyata keçirirlər və bir gün də bu faktı Azərbaycana qəbul etdirəcəklərinə ümid edirlər. Təəssüf ki dünyada onları şirnikləndirən belə nümunələr az deyil.
Rusiya bu təşəbbüsü ilə hər iki təfəfin xalqları ilə yanaşı, həm də beynəlxalq ictimaiyyətə də mesaj verir. Problemin açarının onda olduğuna işarə vurmaqla bu ölkələrin daxili siyasətinə də yön verə bilir. Rusiya heç vaxt Qarabağla bağlı Ermənistana gerçəkdən təzyiq etməz və bu, onun hazırkı maraqlarna qətiyyən uyğun deyil. Ermənistanla razılaşmaqla sadəcə olaraq belə görüntü yarada bilərlər ki guya erməni tərəfinə hansısa təzyiq göstərilir.
Azərbaycan hökuməti də Rusiyanı özünün ən yaxın dostu və qarantiyası hesab etdiyindən daxili siyasətdə ondan xeyli umacaqları var. Azərbaycanda istər növbəti seçkidə, siyasi proseslərdə, istərsə də sosial böhranın ağrısız idarə edilməsində Rusiyanın dəstəyinə ehtiyac var. Bunun üçün ən yaxşı vasitə yenə də Qarabağ məsələsidir. Rusiya Ermənistana təzyiq görüntüsü ilə Azərbaycan hökumətinin daxili və xarici siyasətdə müvəqqəti də olsa əlini gücləndirə bilər.
Ölkəmizin durumu təəssüf ki həm beynəlxalq, həm də yerli şərtlərdə ürəkaçan deyil. Müasir beynəlxalq münasibətlərdə güc faktorunun əhəmiyyətini kimsə inkar edə bilməz. 23 ildir nə sülh əldə bildik, nə də işğalçıya güc tətbiq etmək üçün siyasi iradə ortaya qoyduq. Belə şəraitdə problemin bizi qane edən həllindən danışmaq yersizdir. Ən pisi də budur ki Azərbaycan hökumətinin Qarabağ problemini həll etmək üçün konseptual yanaşması yoxdur.
Dövlətin cəmiyyət üzərində apardığı siyasətin mahiyyətinə baxdıqda bunu çox açıq görmək olar. İnsan hüquq və azadlıqların pozulmasına, ifadə, söz, vicdan və siaysi azadlıqların boğulmasına görə təəssüf ki beynəlxalq reytinqlərə liderlik edirik. Ölkəmiz müəyyən səbəblərdən hərbi baxımdan problemi həll edə bilmirsə, o zaman siyasi baxımdan elə üstünlüklər əldə etməli idi ki, onu diplomatik görüşlərdə üstünlük kimi təqdim edə bilsin. Təəssüf ki ölkəmiz demokratiyadan uzaqlaşdıqca, ölkə vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmədikcə Qarabağdan da uzaqlaşır. Hökumət cəmiyyətlə bütövləşərək bu problemi həll edə bilər. Onu öz monopliyasında saxlamaqla yalnız siyasi-hərbi itkilərimizi artıracaq.
Oxunub: 446