Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı haqqında məlumat
İyul ayının 19-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda respublikada yaranmış sosial-iqtisadi vəziyyət, yanacağın qiymətinin qaldırılması ilə bağlı son durum, siyasi məhbus problemi və digər məsələlər müzakirə edilmişdir. Müzakirələrin gedişində ölkədə sosial iqtisadi durumun ağırlaşmasından, son iki ildə ümumi daxili məhsulun 2 dəfə aşağı düşməsi, iqtisadiyyatın sürətlə kiçilməsi, əhalinin pul gəlirlərinin iki dəfə azalması, buna uyğun olaraq alıcılıq qabiliyyətinin aşağı düşməsi, xarici borcların artmasından ciddi narahatçılıq ifadə edilmişdir. Ölkənin iqtisadiyyatının belə acınacaqlı duruma düşməsi reformaların keçirilməməsi, korrupsiyanın yüksək həddi, kölgə iqtisadiyyatının (67 faiz) yüksək həddi və hökumətin bacarıqsızlığı ilə izah edilmişdir.
Koordinasiya Mərkəzi iyul ayının 14-də avtomobil sahiblərinin əksəriyyətinin istifadə etdiyi Aİ-92 benzinin 30 faizə qədər bahalaşdırılmasını kəskin pisləmiş, iqtisadi cəhətdən izahı olmayan belə qiymət artımının SOCAR-da korrupsiya hallarının və israfçılığının yüksək həddə çatması ilə bağlı olduğu qeyd edilmişdir. Çıxışlarda qeyd edilmişdir ki, borc içərisində olan Şirkətin idarə olunmasında buraxılan ciddi səhvlər, səmərəliliyi iqtisadi cəhətdən əsaslanırılmamış bahalı layihələrə böyük vəsaitlərin xərclənməsi, iflas həddinə gətirilmiş müəssisənin bir sıra beynəlxalq idman yarışlarına sponsorluq etməsi, SOCAR-ın idarə edilməsində şəffaflığın olmamasının əvəzini son nəticədə əhali ödəməli olur. Müzakirələrin gedişində Taarif Şurasının son qərarının bilavasitə ölkə başçısının xeyir-duası ilə qəbul olunduğu, onun istehlak bazarında bahalaşmanın yenə dalğasına rəvac verəcəyi göstərilmişdir. Koordinasi Mərkəzinin toplantısında yanacağın qiymətinin artmasının doğura biləcəyi sosial-iqtisadi nəticələrin ətraflı şəkildə araşdırılması və əhalinin məlumatlandırılmasının zəruriliyi qeyd edilmişdir.
Toplantıda siyasi məhbus problemi, bu sahədə yaranmış acınacaqlı durum, cəza çəkmə yerlərində heykəl məhbuslarına qarşı həyata keçirilən amansızlıq, Gözəl xanım Bayramlıya münasibətdə yol verilən qanunsuzluq, İlqar Məmmədov və digər siyasi məhbuslar haqqında Avropa İnsan Haqları Məhkəməsi qərarının icra edilməməsi, İlkin Rüstəmzadənin təhlükəsizlik orqanları ilə əməkdaşlığa cəlb edilməsi barədə qanunsuz cəhdlər, korrupsiya faktlarını araşdıran Mehman Hüseynov və digər jurnalistlərin saxta ittihamlarla həbsə alınması, Əfqan Muxtarlının işi ilə bağlı son durum, Gürcüstanda professor Fərman Ceyranlının həbsinin siyasi motivləri haqqında, “Nardaran işi” üzrə həbs edilmiş inanclı insanlara qarşı törədəilən zorakılıq halları ətrafında fikir mübadiləsi edilmiş, AXCP-yə qarşı təqib kampaniyası və “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə qurama bir iş üzrə dörd il yarım cəza istənilməsi pislənmişdir.
Oxunub: 726