Qiyas İbrahimov və atası Həsən İbrahimovun CM-nin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclası Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə 31.10.2017-ci il tarixə saat 11:30-a təyin edilib. Qiyas İbrahimov yaxın günlərdə Bakı İstintaq Təcridxanasına köçürüləcək. Bu barədə onun vəkili Elçin Sadıqov FB satatusunda yazıb.
Bu il iyunun 5-də Bakı Apelyasiya Məhkəməsi Qiyas İbrahimovun şikayətini təmin etməyib. Məhkəmə zalında insident baş verib. Şüşə qəfəsdə olan Qiyas İbrahimov prokurorun çıxışını eşidə bimədiyini sədrlik edən hakim Vüqar Məmmədova dəfələrlə əlləri ilə işarə edib. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranıb və oturduğu skamyada qan izləri görünüb.
Bu zaman fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahınız olsun” deyib: “Bir gün bu qandallar sizin övladlarınıza qismət olacaq. ‘Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin”. Məhkəmə nəzarətçiləri Həsən İbrahimovu zaldan çıxarıb. Hakimin şikayətindən sonra bu insidentlə bağlı ona cinayət işi qaldırılıb.
Sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyasla yanaşı, atası Həsən İbrahimov da təqsirləndirilən şəxs qismində cəlb olunub və ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Onların hər ikisi Bakı Apelyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxılarkən hakimlərə qarşı hörmətsizlik etməkdə suçlanır.
Oxunub: 274