“Bəxt üzüyü”nün məşhur “Hüseyn”i Ayşad Məmmədov işdən çıxarılıb. Bu haqda “Azadliq.info”ya aktyora yaxın mənbə məlumat verib. Bildirilir ki, aktyorun çalışdığı Akademik Milli Dram Teatrının rəhbərliyi Ayşad Məmmədovun çıxarılması haqda əmr imzalayıb.
Aktyorun işdən çıxarılmasının səbəbi isə ölkədə talançılığa, korrupsiyaya etiraz olaraq, siyasi məhbusların buraxılması tələbi ilə Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdə iştirakı olub.
Qeyd edək ki, bir gün öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev əməkdar artistlər – İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanovun mitinqdə iştirakı ilə bağlı absurd bir açıqlama vermişdi: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.
AXCP sədri Əli Kərimli də öz növbəsində mədəniyyət nazirinin yanaşmasına belə cavab vermişdi: “Biri bunların mədəniyyət nazirinə başa salsın ki, yaltaqlıq, yalançılıq, saxtakarları və oğruları dəstəkləmək mədəniyyətsizlikdir. Oğru və talançılardan məsuliyyət tələb etmək, əzilənlərlə həmrəy olmaq, ölkəsinə, xalqına ədalət istəmək isə yüksək mədəniyyətdən, zəngin daxili aləmdən xəbər verir. Nə yaxşı ki, bu ölkədə hələ də xalqı ilə həmrəy olan aktyorlarımız, mədəniyyət xadimlərimiz, gerçək ziyalılarımız var! Hər zaman var olun!”
Azadliq.info
Oxunub: 896