“Son 10 ildə dövlət büdcəsindən tikintiyə təhsil, elm və səhiyyəyə ayrılan vəsaitdən 2,8 dəfə çox, 50 milyard manat vəsait ayrılıb”
Dövlət müstəqlliyinin 26-cı ilinə itfah olunur
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. 26 il Azərbaycanda orta ömürün üçdə biri deməkdir. 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunanda əhalinin sayı 7 milyon 218 min nəfər olduğunu nəzərə alanda, o vaxtdan bu ilin əvvəlinə qədər ölkə əhalisi 1 milyon 426 min 311 nəfər artıb. Bu o deməkdir ki, hazırda Azərbaycanda 1,5 milyon nəfər müstəqillik dövrünün uşaqları və gəncləri yaşayır.
Müstəqilliyin bərpasından ötən dövrdə ölkədə orta illik artım 54 min 858 nəfər olub. Hesabat dövründə ölkədə 2 milyon 59 min 488 nəfər, orta hesabla ildə 79 min 211 nəfər dogulub və 633 min 177 nəfər, orta hesabla ildə 24 min 353 nəfər ölüb. 1992, 1993 və 1994-cü illərdə, eləcə də 2005-ci ildən bəri ölənlərin sayı orta göstəricidən yüksək olub. Müstəqilliyin ilk illərində ölüm hallarının çoxalması şübhəsiz ki, Qarabağ uğrunda döyüşlərdə həlak olanlarla bağlıdır. Rəsmi açıqlamalara görə, həmin illərdə yalnız döyüş əməliyyatlarında 11 min 557 Azərbaycan hərbçisi şəhid olub. 2005-ci ildən başlayaraq artan ölümlərin bir səbəbi qocalıq olsa da, digər səbəbi də erkən xəstəliklər, düzgün olmayan müayinə, səmərəsiz müalicə və keyfiyyətsiz dərmanlardır. Dövlət sığortası ilə təchiz olunmayan səhiyyədə vaxtlı-vaxtında müayinə olunub aşkara çıxarılmayan xəstəliklər, müntəzəm aparılmayan peyvəndlər və digər profilaktik tibbi tədbirlər qəfil və erkən ölüm hallarının baş verməsində az rol oynamır. Çirkli hava və su, keyfiyyətsiz qidalar da insan ömrünü azaldır. Təəssüf hissi ilə qeyd etmək olar ki, 26 ildə Azərbaycan səhiyyəsi ölkə vətəndaşlarının sağlamlığına təminat verə biləcək güvəncli quruma çevrilə bilmədi. Rəsmi məlumata görə, hər il Azərbaycandan İrana müayinə və müalicə olunmaq üçün yüz minlərlə xəstə səfər edir. Bundan əlavə, orta səviyyədə imkanı olanlar xəstələrini Gürcüstana, Rusiyaya, Türkiyəyə, Belarus, Ukraynaya, varlılar isə Almaniyaya və ABŞ-a aparırlar. Əslində xaricə üz tutanların çoxu Azərbaycandakı müalicə və müayinədən razı qalmayanlardır. Çünki, hətta orta səviyyədə kadr potensialı olsa da 26 ildə səhiyyənin texniki, maliyyə və idarəetmə təminatı müasir tələblərə uyğun qurulmayıb. Halbuki, müstəqlliyin bərpasının yalnız son 10 ilində dövlət büdcəsindən səhiyyəyə 5,5 milyard manat vəsait ayrılıb.
Hazirda Azərbaycanda ali təhsil verən universitetlərin, institutların, filialların sayı 40-a yaxındır. Lakin, 26 ildə beynəlxalq standartlara uyğun təhsil ocaqları formalaşa bilmədi. Times Higer Education (THE) reytinqində ilk 1200-də Rusiyadan 27, Türkiyədən 22, Ukraynadan 5, Belarus və Gürcüstan 1 universitet təmsil oldunduğu halda Azərbaycan universitetləri, ümumiyyətlə, bu siyahıya daxil olmayıb. Quacquarelli Symonds (QS) reytinqində isə ilk minliyin son yüzlüklərində yalnız 2-3 Azərbaycan universiteti yer alıb. Halbuki, müstəqlliyin bərpasının son 10 ilində dövlət büdcəsindən təhsilə 13,3 milyard manat vəsait ayrılıb.
Müqayisə üçün qeyd edim ki, son 10 ildə dövlət büdcəsindən tikintiyə təhsil, elm və səhiyyəyə ayrılan vəsaitdən 2,8 dəfə çox, 50 milyard manat vəsait ayrılıb. Bütövlükdə isə bu ilə qədər 150 milyard manat neft pulu əsasən infrastruktur təyinatlı şişirdilmiş layihələrə xərclənib. Amma buna baxmayaraq 26 ildən sonra da Bakıya bir neçə saat fasiləsiz olaraq şəhərin bir sıra yaşayış məntəqələrində yağış yağanda nəinki küçələr, hətta məhələlər belə keçilməz olur.
Hazırda müstəqil Azərbaycan 26 ildən sonra dünya bazarına nefti, region bazarında isə pomidoru və digər tərəvəz məhsulları ilə tanınır. Qlobal İnnovasiya indeksində Azərbaycan dünyanın 127 ölkəsi arasında 103-cü yerdədir. Halbuki, insan kapitalının inkişafı 2013-cü ildən tətbiqinə start verilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən biri elan olunmuşdu. Qara qızılı insan kapitalına çevirmək devizi ilə uzun illər aldadılan orta Azərbaycanlı 26 ildən sonra hələ də Qarabağ həsrəti ilə yaşayır, keyfiyyətli təhsil, təminatlı səhiyyə, yaxşı dolanışıq və təhlükəsiz həyat arzusu ilə müstəqlliyin 26-cı ilini qeyd edir. Lakin hələ də müstəqillik dövrünün “izafi xərcləri”ndən – rüşvət və korrupsiya, kütləvi işsizlik, bahalaşma, ifrat təbəqələşmədən əziyyət çəkən sadə əhali 26 ildən sonra da sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışdan, sosial təminatlı rifahdan, keyfiyyətli təhsildən, siğortalı səhiyyədən və təhlükəsiz gələcəkdən məhrumdur. Bu səlahiyyət sahiblərini qayğılandırmır. Çünki, 26 ildir ki, müstəqilliyin xərclərini sadə vətəndaşların hesabına ödənildiyindən onların gəlirləri artırmaqda davam edir.
Bayramınız mübarək olsun, bayram ovqatı varsa.
Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Oxunub: 312