Rusiyada «Olqino trolları» və ya «Savuşkin küçəsindən olan trollar» kimi ifadələr çoxdan işlədilir. Bu yaxınlarda həmin «troll fabriki»nin ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin detalları bəlli olub.
Ötən həftəsonu «Dojd» kanalı «İnternet araşdırmaları agentliyi» kimi tanınan troll fabrikinin Maksim adlı keçmiş əməkdaşı ilə müsahibəni dərc edib. Maksim deyir ki, «xarici şöbə»nin əməkdaşları ingilis dilini çox yaxşı bilməli, özlərini amerikalı kimi qələmə verərək, onlayn müzakirələrə qatılmalı idilər:
«Məqsəd düşüncəyə təsir etmək, müzakirəyə çıxarmaq idi… Orada «strategiya» adlı sənəd vardı. ABŞ-ın bütün əsas problemlərini bilmək lazım idi. Vergilər, geylər, cinsi azlıqlar, silah problemi».
«RUSİYADAN DANIŞMAQ OLMAZDI»
«Xarici şöbə»də çalışan «yüksəkixtisaslı» trolların məqsədi amerikalıların siyasi müzakirələrinə bilərəkdən təxribat məqsədilə qatılaraq, «aranı qarışdırmaq» olub.
«Bizə monitorinq edərək şərh yazmalı olduğunuz KİV siyahısı verirdilər. «The New York Times», «The Washington Post» – şərhlərin sayı on minlərlə ola bilərdi. Bunların hamısına baxaraq, insanların nədən yazdığını, nə barədə mübahisə etdiyi haqda ümumi tendensiyanı anlamaq, sonra isə mübahisəni qızışdırmaq, aranı qarışdırmaq lazım idi.
Rusiyadan ümumiyyətlə, danışmaq olmazdı. Rusiyanın və Putin-in adını belə çəkmək olmazdı. Çünki amerikalılar bu haqda danışmırlar. Əslində, onlar Rusiya və Putin-lə maraqlanmırlar.
Bizim məqsədimiz amerikalıları Rusiya tərəfə çevirmək deyildi. Məqsədimiz amerikalıları öz hökumətlərinə qarşı qoymaq idi. İğtişaşlar, narazılıq yaratmaq, Obama-nın reytinqini aşağı salmaq idi», – Maksim deyir.
«CLINTON-LARDAN BEZMƏDİNİZMİ?»
Bu etiraflardan belə başa düşülür ki, söhbət Trump-ı dəstəkləyən seçki təbliğatından gedir. Ancaq «fabrik»in əməkdaşları Hillary Clinton haqda yalnız neqativ şeylər yazmalı idilər:
«İşin əsas məğzi bu idi: amerikalı qardaşlar, siz daha bu Clinton-lardan bezmədinizmi? Görün onlardan nə qədərdir».
İşin maraqlı tərəfi isə bu olub: Amerika siyasəti haqda biliklərini dərinləşdirmək üçün «fabrik»in əməkdaşlarından «House of Cards» serialına baxmaq tələb olunurdu. Amerika KİV-ləri də bu məqama diqqət yetiriblər.
RBK jurnalının sabah – oktyabrın 19-da dərc ediləcək, ancaq artıq saytda yerləşdirilmiş məlumatında deyilir ki, peterburqlu trolların təkcə seçkilərə yox, bütövlükdə Amerika siyasi həyatına müdaxiləsi qətiyyən illüziya olmayıb. Hətta saxta Facebook hesablarının köməyi ilə etiraz aksiyaları belə təşkil edilib. Məsələn, ötən il oktyabrın 22-də Şarlott şəhərində qaradərili amerikalıların polis zorakılığına məruz qalmasına qarşı aksiya kimi.
RBK-nın araşdırması göstərir ki, «troll fabriki»nin gördüyü işin miqyası nəhəng olub. Jurnal Facebook, Instagram və Twitter sosial şəbəkələrindəki 118 qrup və hesabın siyahısını dərc edib. Onların hamısı 2017-ci ilin avqust-sentyabr aylarında Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma çərçivəsində bloklanıb.
«AMERİKA ŞÖBƏSİ»NİN AZƏRBAYCANLI RƏHBƏRİ
Jurnal yazır ki, «fabrik»in rəhbərliyinə yaxın mənbə bu siyahının trollarla əlaqəsini təsdiqləyib.
«Bundan başqa, Twitter-dəki 50 hesabdan 36-sı +7 ilə başlayan (Rusiyanın beynəlxalq telefon kodu) nömrələrlə qeydiyyatdan keçib», – yazıda deyilir.
Qeyd edilir ki, trolların idarə etdikləri qrupların ümumilikdə 6 milyonadək üzvü olub. Onların yarısı Facebook, 1/3-i isə Instagram-ın payına düşür. Reklam xidmətindən istifadə və kontentin paylaşılması nəticəsində postların əhatə dairəsi həftədə 20–30 milyon nəfərə çata bilirmiş.
RBK-nın istinad etdiyi mənbələr «Amerika şöbəsi»nin rəhbəri kimi 27 yaşlı azərbaycanlı Ceyhun Aslanovu göstərirlər. Jurnal həmçinin, Aslanovun yaratdığı Telegram çatdan götürülmüş məlumata malikdir. Məlumat «fabrik»in ABŞ-dakı işi ilə bağlı aralıq hesabatdır.
«Fabrik»in büdcəsinin əsas hissəsi işçilərin maaşına gedirmiş. Reklamlara isə iki ildə 100 min dollardan artıq pul xərclənib. Facebook da təqribən bu məbləği göstərir.
«Amerika şöbəsi»nin hələ də fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, «Savuşkin trolları»nı «Putin-in aşpazı» kimi tanınan Yevgeny Prigozhin-in adı ilə bağlayırlar. Prigozhin-in həm də Donbas və Suriyadakı müharibələrdə iştirak edən «Vaqner» Özəl Hərbi Şirkəti kimi tanınan qrupla bağlı olduğu iddia edilir.
Oxunub: 750