Həmin əlavələr bu gün, noyabrın 16-sı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.
Təklifləri parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Təklif edilən maddə qadağan edilən informasiyanın internetdə yayılmasına görə, fiziki və hüquqi şəxslərin cərimə edilməsini nəzərdə tutur.
Fiziki şəxslərin 500 manatdan 1000 manata, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 1500 manatdan 2000 manata qədər cərimə edilməsi təklif olunur.
Cərimələrin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək.
İnternet informasiya ehtiyatı hansısa informasiya “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edilirsə, həmin bilgi internet resursunda varsa, dərhal ona müraciəti məhdudlaşdırmalıdır. Əks halda host provayder və internet provayderlər vəzifəli şəxslər üzrə 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər.
Qeyd olunan müddəa o halda tətbiq ediləcək ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmasın.
“Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da Inzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrlə bağlı düzəlişlər edilməlidir.
Mədəniyyət Komitəsi layihəni plenar iclasa tövsiyə edib.
Oxunub: 392