“Financial Times” qəzeti yazır ki, ABŞ-ın neft hasilatı 2025-ci ilədək xammal bazarlarının tarixində ən böyük və indiyədək görünməmiş yüksəliş yaşayacaq.
Beynəlxalq Enerji Agentliyinin ötən çərçənbə axşamı açıqladığı proqnoza görə, bu artım ABŞ-ı qlobal rəqibsiz neft hasilatçısına çevirəcək.
Bu da qeyd olunur ki, şist neftinin hasilatı texnologiyasının inkişafı ABŞ mədənlərinin gündəlik hasilatını 2010-2025-ci illər arasında daha 8 milyon barrel artıracaq.
Beynəlxalq Enerji Agentliyinin baş icraçı direktoru Fatih Birol deyib ki, ABŞ qarşıdan gələn onilliklərdə rəqibsiz qlobal neft və qaz liderinə çevriləcək. Həmin vaxtadək ölkənin qlobal təchizatdakı payı 80 faiz artacaq.
ABŞ-ın xammal, qaz kondensatı və təbii maye qazı da daxil neft hasilatı 2025-ci ilədək günə 13 milyon barrel həcminə catacaq (Ümumi hasilat günə 16 milyon barrel təşkil edəcək).
“ABŞ-ın hasilat artımı misilsizdir və bütün tarixi rekordları, hətta Səudiyyə Ərəbistanında nəhəng Qavar mədənindən sonrakı hasilatı və ya Sovetlərin super Sibir mədənlərindən qaz hasilatı artımını da geridə qoyur” -cənab Birol deyib.
FT-nin məqaləsində deyilir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) özünün illik Dünya Enerjisinə Baxış hesabatında mövcud enerji və iqlim siyasətləri əsasında ambisiyalı proqnozlar verir. Bu proqnozlarda Paris İqlim razilaşması kimi sazişlərin də gələcək təsiri nəzərə alınır.
FT yazır ki, BEA “aşağı neft qiymətləri” modelində neftin indiki qiymətlərinin necə saxlana biləcəyini təhlil edib. Agentlik belə bir nəticəyə gəlib ki, ABŞ-da xammal hasilatının indiki sürəti saxlanmaqla və dünyanın elektrik avtomobillərinə daha sürətli keçidi ssenarisində neftin qiyməti 2040-cı ilədək bir barrel üçün 50-70 dollar civarında qalacaq.
Hazırda yollarda 2 milyonadək eletrik avtomobili hərəkət edir və BEA-nın əsas proqnozuna görə bu rəqəm 2025-ci ilədək 50 milyona, 2040-cı ilədək isə 300 milyona çatacaq. Əgər neft qiymətləri aşağı həddə qalmaqda davam edərsə, 2040-cı ilədək elektrik maşınlarının sayı 900 milyona çata bilər.
BEA-nın hesablamalarına görə ümumilikdə enerjiyə tələbat daha az sürətlə artacaq, çünki yanacaqdan istifadənin rentabelliyi yüksələcək. Buna baxmayaraq 2040-cı ilədək enerjiyə tələbatın 30 faiz artacağı gözlənilir.
Amma məsələ burasındadır ki, enerjiyə olan tələbatın böyük bir hissəsi bərpa olunan enerji növləri ilə ödənəcək. Proqnoza görə külək və günəş enerjisi başda olmaqla bərpa olunan enerji növlərinə bütün qlobal investisiyaların üçdə ikisi yatırılacaq.
BEA-nın proqnozuna görə 2040-cı ilədək günəş enerjisi bütün enerji istehsalının 40 faizini təşkil edəcək.
Başqa bir problem elektrik enerjisinə artan tələbatla bağlıdır. Ev avadanlığı bazarının genişlənməsi və nəqliyyatın elektrikləşdirilməsi elektrik enerjisinə tələbatı artıracaq. Çin artmaqda olan tələbatını ödəmək üçün 2040-cı ilədək ABŞ-ın enerji sistemi qədər elektrik əldə etməli olacaq. Hindistanın tələbatı Avropa İttifaqının bütün enerji sisteminin həcminə çatacaq.
BEA-nın proqnozunda deyilir ki, qarşıdan gələn onilliklərdə kömürdən daha təmiz enerji növü olan qaza tələbat da artacaq. Bu, ilk növbədə qaz yataqlarına böyük investisiyalar yatıran şirkətlər üçün yaxşı xəbərdir.
Qaza olan tələbat artımının 80 faizi Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrdən gələcək.
Oxunub: 694