Anar Bağırov Vəkillər kollegiyası adından yekə-yekə bildiri yayıb. Bir sıra yarınmaçı rejim vəkilləri açıq-açığına yaltaqlıqla ona arxa durmağa çalışırlar. Söhbət Nümayəndəlik insititutunu rejimin çıxdaş etmək istəyi ilə bağlı yaranan təpkiləri neytrallaşdırmağa yönəlik çalışmalardan gedir. Anar Bağırovun deməsinə görə, Nümayəndəlik hüququnu itirən vəkillər işsiz qalmayacaq, Vəkillər kollegiyasına götürüləcəklər. İnanmayın, yalandır: indiki qızğınlığı soyutmağa yönəlik yalan – neytrallaşdırma yalanı! Özlərinin çıxarları üçün yarınma yolu tutan vəkillər başlıca olaraq hansı “arqumentə” əl atırlar: Anar Bağırovun “savadlı” vəkil olması kimi əliyevçi Azərbaycan gerçəkliyində gərəksiz bir “arqumentə”.
Prezident administrasiyasının çoxillik administrator-filosof-akademiki R.Mehdiyev bir neçə il qabaq demişdi: “Prezident administrasiyasında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik”. Birincisi, az qala 30 illik bir hakimiyətin belə bir sorunla üzləşməsi o hakimiyətin cinayəti, təhsil sistemini cinayətkarcasına yaman günə qoyması deməkdir. İkincisi, Azərbaycanda bu gün elə mənim tanıdığım çoxlu savadlı hüquqçu (belə deyilməlidir: hüquqçu!) var, ancaq, onlar korrupsiya-repressiya rejiminin PROKURUST YATAĞINA uyğun gəlmədiklərindən rejim üçün hamılıqla çıxdaş durumundadırlar. Bəlli olduğu kimi, son illərdə rejim bir çox savadlı, dəyərli vəkili özünün PROKURUST YATAĞINA uyğun gəlmədiyindən Vəkillər kollegiyasından uzaqlaşdırıb. Bu baxımdan Anar Bağırovun basıb-bağlamaları istər-istəməz yalançı xarakter daşıyır: onun nə Fikrət Məmmədov statusu var, nə də İlham Əliyev statusu…
Jurnalist olaraq mənim Anar Bağırovla bağlı belə bilgim var: “çox savadlı hüquqçudur”. Olsun, ancaq, indiki rejimdə çox savadlılıq önəm daşısaydı, mənim kimi bir çox jurnalistlər illərlə ev dustağına çevrilməzdilər. Yeri gəlmişkən, DEMOKRATİK Azərbaycan jurnalistikasını, yurddaş toplumunu (“QHT”) darmadağın edən KORRUPSİYA – REPRESSİYA rejimi DEMOKRATİK vəkilliyi də darmadağın etməklə TOPLUM üzərində daha böyük üstünlük qazanmağa çalışır. Bu isə əliyevçi monarxiyanı dayanıqlı etməyin aşamalarındandır. Anar Bağırov təkcə Azərbaycanın deyil, dünyanın ən savadlı vəkili olsa belə, indilikdə ona ayrılan rol Mətbuat şurasının sədri olaraq Əflatun Amaşova ayrılan roldan azacıq da artıq deyil, ola bilməz. Əflatun Amaşov isə, bilindiyi kimi, Demokratik Mətbuat qəbristanlığının müdiri yerindədir…
07.11.2017
P.S. İndi baxın, yuxarıdakı yazının yazılmağından bir ay ötməyib: Yalçın İmanovu Vəkillər kollegiyası kollegial olaraq kolleqalıqdan çıxardı – stalinçi 37 repressiyalarında olduğu kimi! Anar Bağırovdan, ona yaltaqlanan rejim vəkillərindən səs çıxmır…
ABŞ-ın 6-cı prezidenti Con Adams demişdi: “Seçkilər bitən yerdə QULDARLIQ başlayır”. Azərbaycanda seçkilər (gerçək seçkilər!) əliyevçi rejimin qurulması ilə bitib. Bu isə, Adamsın göstərdiyi kimi, QULDARLIĞIN başlanşıcı deməkdir. QULDARLIQ rejimində özgür-demokratik jurnalistika, yurddaş toplumu, vəkillik ola bilərmi?! Bunların ÜÇÜ (özgür-demokratik jurnalistika, yurddaş toplumu, vəkillik) bir yerdə DEMOKRATİYA deməkdir, DEMOKRATİYANIN qarantı deməkdir.
Başqa bir Con – ünlü respublikaçı cenator Con Makkeyn deyir: “Allaha şükür, bizdə belə hökumət forması var: KİV nəyisə gizlətməyə qoymur”. Bizdə adına “KİV” deyilən (“Kütləvi İnformasiya Vasitələri”) korrupsiya-repressiya hökumətinin başlıca yardımçılarından birinə çevrilməklə hökumətə bağlı dağıdıcı görsənişləri – cinayət faktlarını ört-basdır etmə funksiyası daşıyır.
Vəkillər kollegiyası Rəyasət heyəti üyəsi Azər Quliyev Yalçın İmanovun Kollegiyadan çıxarılma nədəni ilə bağlı deyir:”İşgəncələrlə bağlı məlumatlar konfidensial məlumatlardır, onu heç kim yaya bilməz”. Bu, ortadakı faktlara (işgəncə faktlarınma) vəkil adına yaraşmayan cinayətkarcasına yanaşmadır. Adamlar çeşidli şərləmələrlə tutulur, işgəncə altında soruşdurma (istintaq) aparılır, türmələrdə işgəncə faktları baş alıb gedir, bununla bağlı bilgilərin yayılması “konfidensial (bizim dildə – gizli) sayılır. Bu, korrupsiya-repressiya rejiminə birbaşa əlaltılıq faktıdır, vəkilin korrupsiya-repressiya rejimi ilə əlbir olması görsənişidir.
P.S. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə, İŞGƏNCƏ fars sözüdür, anlatması belədir: “Vəhşi, amansız üsullarla verilən cismani cəza”. Görəsən, Azər Quliyev, onun kimi düşünən rejim vəkilləri günlərin bir günü belə cəzaya uğrasalar ona yenə də KONFİDENSİALLIQ statusu qazandırmaq istəyində bulunarlarmı?!
Oxunub: 276