İlahiyyatçıya yeni hökm oxundu
Bu gün Qaradağ Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadə haqqında yeni hökm çıxarılıb. Hakim Rufan Mürsəlov hökmü elan etməmişdən öncə prokuror, ilahiyyatçının vəkili və Taleh Bağırzadə özü çıxış edib.
Prokuror çıxışında bildirib ki, Taleh Bağırzadənin əməli iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir. Ona görə də ona CM-nin 317-2.1-ci maddəsi ilə 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyən prokuror həmin cəzanın Taleh Bağırzadənin Nardaran hadisələrinə görə ona verilmiş 20 illik cəzanın çəkilməmiş 17 il 9 ay 13 günü ilə qismən toplanması yoluyla, ilahiyyatnın üzərində qəti olaraq 18 il 3 ay azadlıqdan məhrumetmə cəzasının saxlanmasını təklif edib.
“Cinayət tərkibi yoxdur, bəraət verilsin”
Vəkil Fariz Namazlı isə çıxışında deyib ki, ki, istintaq orqanı T.Bağırzadəyə ittiham verərkən yaddaş kartlarının nəyə görə radioelektron cihazların elementlərinə aid etdiyini əsaslandırmayıb, sadəcə, ekspert rəyinə görə belə bir ittihamın verilməsi tamamilə qanunsuzdur. Çünki yaddaş kartı ilə radioelektron cihaz anlayışları tamamilə fərqlidir: “Radioelektron cihazlar dalğa ötürə bilən və dalğa qəbul edə bilən cihazlar sayılır. Yəni bu daha çox hərbi sistemdə tətbiq edilə bilən cihazlardır. Onun elementləri isə diodlar (yarımkeçirici-1 istiqamətdə keçirir), tranzistorlar, mikrosxemlər, kondensator və s-dir. Yaddaş kartları isə bu elementlərə daxil deyil. Istintaq orqanının yeganə ittihamedici sübutu kompyuter-texniki ekspertizası rəyidir. Həmin rəyi verən ekspert heç bir əsas olmadan mini yaddaş kartlarını radioelektron cihazların elementlərinə daxil edib. Məhz həmin ekspertiza rəyinə görə Taleh Bağırzadəyə CM-nin 317-2.1-ci maddəsi ilə ittiham elan edilib”.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmədə 2 vəsatət verib, amma heç biri təmin olunmayıb: “Ekspertiza rəyinin yeganə ittiham sübutu olmasını nəzərə alaraq, həmin rəyi vermiş ekspertin şahid qismində dindirilməsini xahiş etdik. Eyni zamanda, radioelekron cihazların və onların elementlərinin nə olması, onlara hansı cihazların daxil edilməsini müəyyənləşdirmək məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etdik. Hər iki vəsatət işin taleyini həll edəcək vəsatətlər idi. O vəsatətlər təmin edilsəydi, verilmiş ittihama aydınlıq gətirilə, onun qanunauyğun olub-olmaması müəyyən edilə bilərdi. Bu iki məsələ araşdırılsaydı, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamı aradan qaldıra bilərdi. Məhkəmə bu vəsatətləri təmin etmədi, vəsatətdə göstərilən məsələləri araşdırmaqdan imtina etdi və imtinasını əsaslandırmadı.
Bu həm çəkişmə prinsipinin və tərəflərin bərabərliyinin prinsipinin pozuntusudur.
Eyni zamanda qeyd edim ki, indiyə qədər heç bir təqsirləndirilən şəxsə, məhkuma flaşkart, mini yaddaş kartı saxlamağa, gəzdirməyə görə cinayət işi açmırlar. Bu cinayət işi məhz Taleh Bağırov olduğuna, həmin yaddaş kartlarında siyasi informasiyalar – Əfqan Muxtarlının, Gözəl Bayramlının həbsi haqda məlumatlar olduğuna görə açılıb”.
Vəkil onu da qeyd edib ki, verilən ittiham aydın deyil, çünki qanunvericilikdə “MicroSD” tipli yaddaş kartları məhkumlara saxlanması qadağan olunan əşyalar siyahısında göstərilməyib: “
Buna görə də Taleh Bağırzadənin əməllərində cinayət tərkibi yoxdur, ona elan olunmuş ittiham saxta, qanunsuz və əsassızdır. İttiham tərəfinin təqdim etdiyi sübutlar sübut kimi qiymətləndirilə bilməz və buna görə də Taleh Bağırzadə barəsində bəraət hökmü çıxarılmalıdır”.
Daha sonra T.Bağırzadəyə son söz verilib. Hakim ona son söz verməmişdən əvvəl xəbərdarlıq edib ki, işin mahiyyəti üzrə danışsın.
“Prezidentlik müddətini 7 il yox, lap 70 il eləsələr də…”
T.Bağırzadə cavabında bildirib ki, o, son söz yox, xalq sözü deyir: “Son söz Allaha məxsusdur. Məni hökümət mahiyyəti üzrə tutmayıb ki, mahiyyəti üzrə çıxış edim. Mən illərimi xalqın azadlığı uğrunda qurban vermişəm, xalqın azadlığını qəlbimdə daşıyan adamam. Xalqın azadlığı uğrunda rejim tərəfindən işgəncələrə, təzyiqlərə, qanunsuz həbslərə məruz qalmışam.
Bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycanda inqilabçı gənclər yetişməkdədir. İstəyirlər seçkiləri qabağa çəksinlər, prezidentlik müddətini 7 il yox, 70 il etsinlər, bu rejim, hakimiyyət elə inqilabçı gəncliyin ayaqları altında məhv olub tarixə gömüləcək…”
Daha sonra hakim müşavirəyə gedib. Qısa müddət sonra qayıdaraq, T.Bağırzadənin CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, həmin cəzanın T.Bağırzadənin çəkilməmiş cəzası ilə qismən toplamaq yolu ilə ilahiyyatçının üzərində 18 il həbs cəzasının saxlandığını elan edib.
Azadliq.info
Oxunub: 960