Yaxud satıcıdan çek tələb edib, ölkəni satışa çıxaranlara göz yummaq
Bu artıq faktdır ki, Azərbaycanda vəzifəli şəxslərin yerini dəyişəndə nəticə dəyişmir. Əslində burda təəccüblü heç nə yoxdur. Çünki, sistemin mahiyyəti, hökumətin dövlətə və xalqa baxışı dəyişmədiyinə görə, şəxslərin dəyişməsi önəm daşımır. Bugün Azərbaycanda vəzifə tutan müəyyən şəxslər var ki, öz sahələrini yüksək səviyyədə bilirlər. Amma rejimin tələbi fərqli olduğuna görə bu adamalr təmsil olunduqları sahəni bərbad vəziyyətə salıblar.
Son olaraq Vergilər Naziri Fazil Məmmədov vəzifəsindən azad edildi və həmin posta Təhsil Naziri Mikayıl Cabbarov təyin edildi. Cəmiyyətin reaksiyasından da aydın oldu ki, hər kəs bu əvəzetməyə qeyri-ciddi, ironik yanaşır. Mikayıl Cabbarov təhsil sahəsini bir addım irəli apara bilmədisə, vergi sahəsini iki addım irəli apara bilməz. Amma Cabbarov yeni posta təyin olunduqdan sonra geniş təbliğat başalyıb və vergi sahəsində irəliləyişlərin olacağı vəd edilir.
Məsələn, bugün “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfrans keçirilib və yeni nazir vergi sahəsindəki boşluqlardan, bununla mübarizədən söhbət açıb: “Bir sıra yerli və xarici şirkətlər qanunvericilikdəki boşluqlardan istifadə edərək vergilərdən yayınırlar. Xərclədiyimiz hər bir manat leqal iqtisadiyyatda dövriyyə etməlidir: Məhz buna görə kassa çekinin tələb edilməsi ayıb sayılmamalıdır. Mən gözəl anlayıram ki, bu, artıq formalaşmış vərdişlərin dəyişməsilə bağlıdır. Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdur. Ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin Siz yadınıza salmalısınız ki vergilər bizi və torpaqlarımızı müdafiə edən ordunun saxlanmasına, uşaqlarımıza təhsil verən müəllimlərin əməkhaqlarına, küçələrin işıqlandırılmasına, məktəblərin təmirinə və s. xərclənir. Ona görə, bizim bir yolumuz var, biz bu yolu birlikdə keçməliyik – çek istəməyi ayıb saymamalıyıq”- deyə Mikayıl Cabbarov bildirib.
Əvvəla bu ölkənin vətəndaşları yaxşı bilir ki, vergidən ən çox yayınanlar iri məmurlardı. Məmurların milyarderə çevrilməsi, saysız-hesabsız şirkətlərə, marketlərə, şadlıq saraylarına sahib olması ölkədəki şəffaflığın hansı vəziyyətdə olduğunu aydın göstərir. Rəsmən etiraf edildi ki, ölkəyə gətirilən hər 10 manatlıq məhsulun 7 manatı vergidən yayınır. Təbii ki, bu ölkədə sadə vətəndaş ölkəyə gətirdiyi məhsulu vergidən yayındıra bilməz. Bunu yalnız monopolist məmurlar edə bilər.
İkincisi, sadə vətəndaş bilir ki, çek tələb etməklə dövlətə xidmət etmiş olmayacaq. Vətəndaş bu pulların doğurdan da zəruri xərclərə sərf olunduğunu bilsə, ölkədə hesabatlılıq olduğuna inansa mütləq çek tələb edər.
Üçüncüsü, cəmiyyətdə vergi sisteminin özünə qarşı aqressiv bir münasibət var. “Vergi” deyəndə insanlar soyğunçuluğu, qazanclarının əllərindən alınacağını düşünürlər. Məsələ bundadır ki, dükan işlədən şəxs təkcə vergi ödəməklə canını qurtara bilmir. Mənşəyi bəlli olmayan idarələr. qurumlar “hesab” almağa gəlir. Hərə qoltuğuna bir qovluq vurub, ova çıxır. Məhz belə soyğunçuluq prosesinə görə vətəndaş vergidən yayınmağın, real gəliri gizlətməyin yollarnı axtarır. Yəni, hökumət vətəndaşı elə vəziyyətə salır ki, vətəndaşın şəffaf işləmək şansı olmur.
Deməli, ilk növbədə insanlarda inam yaratmaq, imitasiyadan imtina etmək, vergi sistemini şəffaflaşdırmaq lazımdı. Amma yuxarıda da qeyd etdiyimiz kimi şəffaflıq mövcud hakimiyətin təfəkküründə ziddir.
Mikayıl Cabbarov heç vaxt milyardları ölkədən çıxaranların, ölkəyə milyardlıq məhsul gətirənlərin izinə düşməyəcək. Korrupsiya ilə mübarizə hansısa lobarantın 10 manat rüşvət almasıyla məhdudlaşdırıldığı kimi, vergidəki boşluqları da 5-10 manatın dalınca düşməklə məhdudlaşdırılacaq.
Bir sözlə, satıcıdan çek tələb edib, ölkəni satışa çıxaranlara “yaşıl işıq” yandırmaqla vergi sistemindəki boşluğu doldurmaq olmaz. Mikayıl Cabbarov bunun əksini sübut etmək istəyirsə, nazirlərə bağlı obyektlərin vergi ödəmələrini araşdırmağa başlasın.
Akif
Oxunub: 968