Sumqayıtda “Karvan”da yanğından 325 min manat zərər çəkmiş 3 sahibkar prezidentdən kömək istəyir
Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva redaksiyamıza müraciət edərək bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmələrini həm məhkəmə, həm də cavabdeh tərəf – “Karvan”ın rəhbərliyi təsdiqləsə də onlara dəyən ziyan ödənilmir.
Onlar şikayətlərində vurğulayırlar ki, göstərilən konkret məbləğ – ümumilikdə onlara dəyən 325 min manat rəsmən təsdiqlənib, bunu “Karvan” Ticarət Mərkəzinin rəhbəri də etiraf edib razılaşsa da, bu pulu 5 ildir ödəmir.
Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş vermiş yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.
Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İsməli Bayramov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Sahibkarlar nəyin qarşılığında iddialarından geri çəkildi?
Sahibkarlara dəyən 15 milyon manata qədər zərəri məhkəmə ekspertizası təsdiqləyib. O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkətinin edəcəyi ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
Yanğından böyük miqdarda ziyan çəkən 368 sahibkar məhkəməyə müraciət etsə də, sonradan 3 sahibkardan başqa hamısı, onlara dəyən ziyan tanınsa da, şikayətlərini geri götürüb, müəmmalı şəkildə cavabdehləri bağışlayıb.
Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov şikayətçilərə deyib ki, ziyanı ödəməyə pulu yoxdur.
“Halbuki biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz də var” – deyir şikayətçilər.
Hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da, kimlərəsə arxalanaraq indi onlara dəyən zərəri ödəmək istəmir.
“Bildiyimizə görə, hər ay “Karvan” dan 2 milyon manat pul yığılır və pulun olmaması bu baxımdan inandırıcı deyil”, – məhkəmə proseslərində icarədar Əsgərova Töhfənin nümayəndəsi, onun həyat yoldaşı Şiralı Əsgərov bildirir.
Ali Məhkəmə özü öz qərarını ləğv edib
Şiralı Əsgərov deyir ki, hadisədən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi:
“İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədə məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.
Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dedyinə görə, bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apelyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasını qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?“
İnqilab Nəsirovun bu işdə hansı maraqları var?
Bundan başqa zərərçəkmişlər Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan şikayətçidirlər. Belə ki, məhkum İ.Bayramov həbsxanadan 2016-cı il noyabrın 10-da Ali Məhkəməyə müraciət edərək xahiş edib ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il 6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə 16 fevral, 2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da kassasya şikayətini “qismən”təmin edərək işin yeni məhkəmə baxışına qaytarılması haqda yox, gülməli və məntiqsiz olaraq ümumiyyətlə, məhkumun cəzasının yumşaldılması haqda qərar verib, onu, demək olar, azadlığa buraxıb. Halbuki məhkum heç bunu xahiş edib istəməyib…
Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: “Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edildi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
Rəsmi qurumlar: biz bacarmırıq…
Zərərçəkmiş sahibkar Füzuli Quliyev deyir: “Mən şəxsən şikayətimlə bağlı dəfələrlə prezident İlham Əliyevə müraciət etmişəm, amma bir dəfə də olsun nə mənə, nə də digər 2 zərərçəkmişə heç bir cavab gəlməyib.
5 il ərzində ölkə başçısına ünvaladığım yüzlərlə rəsmi şəkildə məktuba, ərizəyə, teleqrama ona görə cavab gəlmir ki, onlar ünvanına çatmır.
Elə bizim də sonda prezidentə müraciət etməyimizin kökündə çoxsaylı insansiyalara, məsul şəxslərə müraciətlərimizin heç bir xeyri olmaması durur.
Mən şəxsən 2015-ci il oktyabırın 5-də Ali Məhkəmədə İlham Cəfərovun sədrliyi ilə gedən prosesdə Fərhad Kərimova demişəm ki, yanğınsöndürmə məsuliyyəti üzərində olan cavabdeh şəxsə 1 dənə yanğınsöndürən balonu verin, o, balonun istifadə qaydasını bilsə, mən ərizəmi geri götürəcəm. Hakim ondan bu işi bacarıb-bacarmadığı sualına o, “bilmirəm” cavabını verdi”.
“2016-cı ilin dekabrın axırında Rüstəm Usubovla görüşdük. O dedi ki, göstəriş verəcək, bizə dəyən ziyanı ödəsinlər. 2017-ci il yanvarın 30-u Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edərkən bizi də qəbul etdi. Zakir Qaralov bizə konkret dedi: “Ziyan mütləq ödənilməlidir, mənə bir az vaxt verin, bu məsələni araşdıraram”. Ancaq şikayət nəticəsiz qaldı”.
Sahibkarların döymədiyi qapı, getmədiyi dövlət qurumu, yazmadığı insatansiya, görüşmədiyi yüksək vəzifəli məmur qalmayıb, ancaq bütün bunlara baxmayaraq onların qanunla da təsdiq olumuş haqları təmin edilmir,”Karvan”ın rəhbərliyi pullarını 5 ildir vermir. Buna görə də onlar ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər; illərdir yazdıqları saysız müraciətlərə cavab verməsə də…
Azadliq.info
Oxunub: 348