“Bakı Metropoliteni” Rusiyadan iki beşvaqonlu qatarın alınması haqqında müqavilə imzalayıb. Xəbəri qatarları satmağa hazırlaşan “Transmaşholdinq”in Xarici Əlaqələr şöbəsi yayıb. Mart ayında Bakıya gətirilməsi nəzərdə tutulan qatarların iki baş və üç aralıq mühərrikli vaqondan ibarət olduğu deyilir. Onların istifadə müddəti 31 ildir.
On illərdir “Bakı Metropoliteni”nin rəhbərliyi paytaxt metrostansiyaları ilə bağlı böyük planlardan danışır. Bu panlara böyük işlər daxildir- 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayının 76-dək artırılacağı, əlavə 53 yeni stansiyanın tikilib istifadə veriləcəyi, müasir qatarların alınacağı, sistemin yenilənəcəyi. İllərdir metrostansiyalarda, həqiqətən də, işlər gedir. Tikinti, söküntü işləri, yeni xətlər, yeni stansiyalar… İşlər, sürünə-sürünə olsa da, gedir. Amma paytaxt metrosunun ventilyasiya problemi daşa dirənib qalıb. Deyəsən paytaxt əhalisinin sağlamlığı üçün böyük önəm daşıyan bu məsələ ölkədə heç bir səlahiyyətlini maraqlandırmır. Bu məsələ ilə bağlı hər il mətbuat hay-küy salır, insanların o vaqonlarda hansı işgəncə ilə gedib-gəldiyindən danışır, amma son nəticədə heç nə dəyişmir. Metropoliten rəhbərliyi ili-ilə sataraq, əhalini yola verib gedir. Hal-hazırda paytaxt sakinləri üçün sağlamlıq baxımından ən potensial təhlükə mənbəyi metrostansiyalardır. Bu nəqliyyat vasitəsinə ümid yeri kimi baxan insanların hər gün orda hansı sıxlıqda və havasızlıqda gedib-gəldiyini bilməmiş deyilsiniz. Yeni vaqonların alınması, şübhəsiz, gərəkli məsələdir. Lakin illərdir Rusiya ilə bu vaqon alış-veriş işi davam edir, ortaya ürəkaçan bir nəticə çıxmır. İnsanlar yay-qış boğanaq vaqonlarda, virus qaynağı olan havayla nəfəs çəkə-çəkə gedib-gəlirlər.
Xatırlayırsınızsa, Bakı Metropoliteni-nin mətbuat katibi Nəsimi Paşayev keçən il demişdi ki: “İndi istifadə olunan qatarlarımızdan heç biri istismar müddətini başa vurmayıb. Ona görə biz həmin qatarları xətdən də çıxa bilmərik. Biz onları təmir edirik, əsaslı və cari təmirdən keçiririk, tamamilə rekonstruksiya edirik. Hətta mövcud qatarlara yeniliklər belə tətbiq edə bilirik. Ancaq havalandırma, kondisioner sisteminin quraşdırılması hələ ki, mümkün görünmür. Bəli, bu bizim danılmaz faktımızdır ki, yeni aldığımız 3 qatar istisna olmaqla, köhnə qatarların içində hava isti olur. Bu problemi də gələcəkdə, köhnə mövcud qatarlarımız istismar müddəti başa çatdıqdan sonra yeni qatarlar alınarkən həll edəcəyik. Bu məsələdə diqqətli olub, kondisionerli vaqonlar alınacaq.”
İndi alınan vaqonlar kondisionerlidirmi? Bu barədə heç bir məlumat verilmir. Ümid edirik, metropoliten rəhbərliyi verdiyi vədi nəzərə alıb. Alıbsa, nə gözəl! Amma nə yazıq ki, bu iki vaqonun havalandırma sistemi olsa belə, ordakı vəziyyət az dəyişəcək. Belə çıxır, hələ neçə nəsil gözləməlidir ki, qarşıdakı illərdə yeni vaqonların alınması ilə metrostansiyalarda ventilyasiya məsələsi tam həllini tapsın…
Səadət
Oxunub: 174