Keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub göndərib. Buna səbəb Əli İnsanovun daha 7 il 5 gün azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlayan Ali Məhkəmənin bu qərarı keçmiş nazirə verməməsidir. Qərar yanvarın 16-da çıxarılıb, amma hələ də Əli İnsanova təqdim olunmayıb.
Keçmiş nazir Ali Məhkəmənin sədrinə ünvünladığı məktubu bu gün saxlandığı cəzaçəkmə müəssisəsinin qeydiyyat şöbəsinə təqdim edib.
Əli İnsanov məktubunda yazıb ki, şərlənib və Azərbaycan məhkəmələri tərəfindən saxta və qurama ittihamla 7 il 5 gün azadlıqdan məhrum edilib. Həmin işlə bağlı Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətinə baxılmasını hakim Fərhad Kərimov heç bir səbəb olmadan 7 ay süründürüb. Yeddi aydan sonra da şikayətə baxaraq, Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanması haqda əsassız qərar çıxarıb. Həmin qərar da bu günə qədər ona verilməyib.
Ə.İnsanov hesab edir ki, bu qanunsuz hərəkətlər onun Avropa Mıhkəməsinə şikayət göndərməsini yubatmaq məqsədi güdür.
Qeyd edək ki, Avropa Məhkəməsinə şikayət göndərmək üçün yerli məhkəmə instansiyalarını keçmək lazımdır. Ə.İnsanov da cəzasının artırılması məsələsi ilə əlaqədar Ali Məhkəməyə şikayət göndərmək üçün Ali Məhkəmənin də qərarını əldə etməlidir.
Xatırladaq ki, 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib. Bu cəzanın bitməsinə 56 gün qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Bu dəfə keçmiş nazir saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərman saxlama, Penitensiar Xidmətin mayorunu döyüb, ona kəllə-beyin travması yetirmə kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona 7 il 5 gün həbs cəzası kəsilib.
Əli İnsanov ittihamların saxta olduğunu bildiri. Hesab edir ki, şəxsən İlham Əliyevin sifarişi ilə barəsində qondarma ittihamlarla cinayət işi başlanıb. Məqsəd isə onun həbsdən çıxmasına imkan verməməkdir.
Azadliq.info
Oxunub: 984