Düz 2 il əvvəl, 2017-ci ilin 20 noyabrında vəkil səlahiyyətimə xitam verildi. Xırda cinayətkarlar iri cinayətkarların sifarişini göydə qapdılar və dərhal icra elədilər.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin həmin iclası barədə yəqin nə vaxtsa daha geniş yazacam. Orda baş verənlər Azərbaycan Vəkillər Kollegiyasının əbədi mahiyyətini tam ifadə edirdi.
O iclasda cərayan edən hər bir xırda, hətta əhəmiyyətsiz detallar belə yaddaşımdadı.
Adam gərgin olanda, onun bütün ehtiyat imkanları, qabiliyyətləri açılır sanki. Elə təkcə duruşu ilə hörmət hissi yaradan Kollegiyanın qocaman üzvü Fərhad Nəcəfovun əfəl üzü, yazıq gözləri xatirimdə donub qalıb. Hərçənd o da sonda mənim əleyhimə səs verənlər sırasında olmuşdu.
İclasda sifarişi icra eləmək ehtirasının dozasından dili kimi, bədəni də gərilib, pəltəkləşmiş vücudları da xatırlayıram.
***
Mənim Kollegiyadan xaric edilməyimlə insan hüquqları ilə məşğul olan vəkillərə qarşı böyük bir təzyiq dalğasına start verildi. Həmkarlarım Fəxrəddin Mehdiyev, Nemət Kərimli və Əshabəli Mustafayevin fəaliyyəti 1 il, Aqil Layıcın fəaliyyəti isə 6 ay müddətinə dayandırıldı. Daha sonra Rəyasət Heyətinin iclasında məni müdafiə edən yeganə vəkil İradə Cavadovanın fəaliyyətinə birdəfəlik xitam verildi. Ən sonra isə insan hüquqları ilə məşğul olan hüquqşünasların Kollegiya üzvlüyünə maneə yaradıldı, onlar qapının o tayında qoyuldular.
Bütün bunlardan əvvəl, mənim fəaliyyətimə xitam verilməsindən sonra isə qəbul edilən Vəkillərin davranış qaydaları haqqında yeni əsasnamə birmənalı şəkildə vəkillərin ifadə azadlığını qadağan etdi.
Heç vaxt Vəkillər Kollegiyasının tarixində bunca qara, alçaldıcı və təhkimçi dövr olmamışdı.
***
İlk əvvəllər çox ağır və çətiniydi. Hər gün səhər tezdən qalxıb, sevimli işinə gedə bilməmək, həbsxanalara baş çəkə bilməmək, məhkəmələrdə iştirak, sual verə, dindirə və çıxış edə bilməmək, açığı daxilən didirdi. O biri tərəfdən də nəhəng boşluğun və sərbəstliyin yaratdığı qorxulu azadlıq və böyük ümidsizlik hissi. Hərdən özümü Harper Li-nin və yaxud da “Şpionskiy most”un qəhrəmanı kimi hiss edirdim. Amma adam özüylə dil tapıb, barışanda zaman məlhəmə çevrilir.
***
Vəkillər Kollegiyasının indiki sədrinin imzaladığı və məhkəməyə təqdim etdiyi iddia ərizəsində yazılır ki, “…vəkil Yalçın İmanov Penitensiar Xidmətin, eləcə də Abbas Hüseynova qarşı işgəncələr verdiyi iddia olunan həbsxana əməkdaşlarının qanuni maraqlarını pozan, onarın şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən hərəkətlərə yol vermiş, fikir və söz azadlığı, məlumat azadlığı kimi konstitusion hüquqlarından sui-istifadə edərək, ancaq öz şübhə və mülahizələrini əsas tutub həmin şəxsləri faktiki olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə əzab vermə əməlini törətməkdə ittiham etmişdir”.
Təsəvvür edirsiz bu nə deməkdir? Kollegiya və onun sədri Qobustan həıbsxanasında saxlanan məhbusa ən ağır işgəncə verən, məhbusu çarmıxa çəkən şəxslərin qanuni maraqlarının, şərəf, ləyaqət və işgüzar nüfuzunun qayısına qalır?!
***
Təxminən son 2 il ərzində onlarla məhkəmə prosesi oldu və yekunda lap əvvəldən bildiyim banal hadisə nəhayət ki baş verdi: Ölkə boyu məhkəmələr Penitensiar Xidmət və Vəkillər Kollegiyası ilə eyni mövqedən çıxış etdilər, həmrəy və həmfikir oldular. Məhkəmələr də Kollegiya klimi işgəncəverənlərin, çarmıxaçəkənlərin tərəfində, səfində durdu.
***
Mənə qarşı bu cinayətin sifarişçiləri bəllidir. Amma istəyirəm onun cəmi icraçıları ilə də tanış olasız:
Mənim haqqımda guya intizam pozunstuna yol verməyim barədə saxta rəy verən, öz rəyini saxtalaşdıran Vəkillər Kollegiyası İntizam Komissiyasının o vaxtkı üzvləri:
Arif Rəsulov
Esmira Hüseynova
Səxavət Şahbazov
Gursel Atakişiyev
Dilarə Əfrasiyabova
Fazil Nəhmətov
Fuad Kərimov
İlhamə Həsənova
Şahmar Məmmədov
Sərdar Qasımov
Sonuncu rəhmətə gedib. Allah rəhmət eləsin!
Vəkillər Kollegiyası Rəyasət Heyətində əleyhimə qərar verənlər:
Tünzalə Ağayeva
Sümbülə Əliyeva
Azər Quliyev
Muxtar Mustafayev
Şəfayət Həsənov
Anar Bağırov
Əlimərdan Sadıxov
Telman Qasımov
Aydın Axundov
Fərhad Nəcəfov
Ölkə məhkəmələrində Vəkillər Kollegiyasının mənə və mənim Vəkillər Kollegiyasına qarşı iddialara baxan və tamamilə qanunsuz qərar çıxarmış hakimlər:
Rəşad Mamedov (Gəncə İnzibati-İqtisadi Məhkəməsi)
Kənan Vəliyev (Gəncə İnzibati-İqtisadi Məhkəməsi)
Rəhman Muradov, Ədil Məmmədov, Çingiz Məmmədov (Gəncə Apellyasiya Məhkəməsi)
Afiq Hüseynzadə, İspəndiyar Şəfiyev, Fikrət Mehtiyev (Gəncə Apellyasiya Məhkəməsi)
Zaur Pirverdiyev (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi)
Nazim Nəsibov, Zaur Məmmədov, Hökümə Babayeva (Sumqayıt Apellyasiya Məhkəməsi)
Nigar Rəsulbəyova, Zakir Quliyev, İlqar Hüseynov (Ali Məhkəmə)
Xəqani Məmmədov, Rahib Nəbizadə, Azər Hüseynov (Ali Məhkəmə)
Vəkillər Kollegiyasını məhkəmələrdə təmsil edən vəkillər:
Bəylər Məmişov
Cavid Alıyev
Mənim cəmi icraçılarla yazığım gəlir. Hətta həmin məşhur iclasda xoş perspektivin qoxusuna, iyinə hoppanıb-düşənlərə belə. Adam özü olmayanda, başqasının kölgəsi olanda, əks-səda olanda bədbəxt olur, beləsinin ən pis halda başını sığallayıb, necə balaca, necə xırda və cılız olduğunu ona söyləmək olar.
Mərhəmət ədalətdən də üstündü.
***
Vəkillik fəaliyyətimə xitam verilməsi mənə həyatı və yaşamağı daha dərindən düşünməyə, dərk eləməyə kömək etdi. Gəldiyim qəti qənaətlərdən bəziləri bunlardı:
1. Biz dünyanı yalnız itirdiklərimizlə zənginləşdiririk. Qazandıqlarımızla yox!
2. Nə olursa olsun, mənzil başına birgə çata bilməyəcəyin və narahat olduğun, əmin olmadığın adamlarla yola çıxma;
3. Özünlə dil tap, zamanla sülh və barış içində, mütəvazi ol.
***
Bu iş artıq Avropa Məhkəməsindədir. Əminəm ki, mənə münasibətdə Konvensiyanın bir çox təməl hüquqlarının pozuntuları tanınacaq. Əsas mənəvi qələbədir. Qalanı boş şeydi.
***
Bir də ki bundan sonrakı həyatı vəkil kimi yaşamamaq da olar…
Bu ölkədə vəkillik nə böyük şeymiş ki…