Bugün, aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədovun Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edildiyi bildirilir.
Partiyadan verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahlandırılıb.
Partiyadan ittihamı əsassız sayırlar.
Bu açıqlamaya, hələlik, məhkəmənin özündən münasibət almaq mümkün olmayıb.
“Desinlər ki, SMS söhbətinin cəbhəçilərə aidiyyəti yoxdur”
Dünən, aprelin 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədovun saxlandığı bildirilir.
Bu barədə partiyadan danışıblar.
“Aprelin 15-i 8103-ə icazə SMS göndərib, icazə verildikdən sonra evdən çıxıb, sonra isə saxlanıb. Onun harada saxlanması və saxlanma səbəbi barədə məlumat verilməyib. Əgər belədirsə, birdəfəlik desinlər ki, SMS söhbətinin cəbhəçilərə aidiyyəti yoxdur”, – partiyadan vurğulayıblar.
Partiyadan onu da bildiriblər ki, N.Əhmədov ictimai əsasla AXCP sədri Əli Kərimlinin mühafizəsində iştirak edib. Buna qədərsə Ə.Kərimlinin ictimai əsaslarla başqa bir mühafizəçisi Ruslan Əmirovun da saxlanaraq karantin rejimini pozmaqda günahlandırılaraq 30 sutka həbs cəzası aldığı açıqlanıb.
AXCP-dən iddia edirlər ki, koronavirus pandemiyası ilə bağlı ölkədə martın 24-dən tətbiq edilən xüsusi karantin rejimindən cəbhəçilərə və müxalif fəallara təzyiq məqsədilə istifadə edirlər. Partiyanın vurğuladığına görə, son həftələr 10-a qədər cəbhəçi və fəal saxlanaraq inzibati qaydada həbs edilib.
N.Əhmədovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu