AXCP sədri Əli Kərimlinin internet və telefon əlaqələrinin kəsilməsi ilə bağlı Milli Şuranın bəyanatı
Aprelin 13-ü, Bakı vaxtı ilə saat 22:30-da AXCP sədri Əli Kərimli Osmanqızı yutub kanalında canlı yayımın qonağı olmalı idi. Müsahibə barədə kanalın sahibi və aparıcısı, jurnalist Sevinc Osmanqızı anons paylaşmışdı. Müsahibənin başlanmasına 15 dəqiqə qalmış AXCP sədrinin evində internet və evdəki bütün telefon aparatlarının əlaqəsi kəsilib. Hakimiyyət bununla AXCP sədrinin planlaşdırılan müsahibəsinə, eləcə də bir neçə saat ərzində partiyadaşlarının, əqidə dostlarının və ictimaiyyətin AXCP sədrindən xəbər ala bilməsinə imkan verməyib. Yalnız arada iki dəfə bir neçə saniyəlik onun öz mobil telefonuna zəng ertmək mümkün olub.
Partiyadaşlarının və əqidə dostlarının isə narahatlığına əsaslı səbəb mövcud olub. Belə ki, müsahibənin video-anonsuna hakimiyyətin trolları olduğu şübhə doğurmayan bir neçə hesabdan guya AXCP sədri Əli Kərimlinin xalqı “meydana səslədiyi”, xalqın “silahlanaraq küçəyə çıxmalı olduğu” haqda provakativ rəylər yazılıb, dərhal da həmin rəylərin fotosurəti ilə YAP-a məxsus feysbuk səhifələrində AXCP sədri əleyhinə yazı paylaşılıb. Bu isə hakimiyyətin Əli Kərimliyə və AXCP-yə qarşı növbəti təxribat hazırladığı haqda əsaslı fikirlər doğurub.
AXCP sədrini internet və telefon əlaqələrini kəsməklə təcrid etmək cəhdi aprelin 14-də də davam edib. Aprelin 14-ə bir neçə saat müddətində AXCP sədrinin internetə çıxışı bərpa olunub və o, baş verənlər barədə geniş açıqlama yayaraq həmin gün Osmanqızı kanalına müsahibəyə yenidən cəhd olunacağını bildirib. Bundan bir qədər sonra AXCP sədrinin internetə çıxışı yenidən kəsilib.
Əslində bu, ilk dəfə deyil ki, hakimiyyət AXCP sədrinin internet və telefon əlaqələrini kəsməklə onu ictimaiyyətdən təcrid edir. Bu hal son aylarda azı 5-6 dəfə (Milli Şuranın 2 noyabr mitinqi ərəfəsində, parlament seçkilərinin səhərisi, beynəlxalq seçki müşahidəçilərilə AXCP sədrinin görüşü nəzərdə tutulan gün və s.) təkrarlanıb və bu halların hər biri haqqında Milli Şura rəhbərliyi məlumatlı olub.
AXCP sədrinə qarşı son baş verənlər onun cəmiyətdə getdikcə artan nüfuzundan, çıxışlarının ictimai rəyə təsirindən hakimiyyətin nə dərəcədə narahat olduğunu göstərir. İlham Əliyev hakimiyyəti bununla bir daha eiraf edir ki, müxalifətlə sivil rəqabət aparmaq qabiliyyəti yoxdur, ictimai rəy uğrunda mübarizəni uduzur.
Son baş verənlər həm də şəxsən Əli Kərimliyə, AXCP və Milli Şuraya qarşı hakimiyyətin yeni bir təxribat planından xəbər verir və ciddi narahatlıq doğurur. Hakimiyyət bu qüvvələri açıq-aşkar şərləməklə məşğuldur ki, guya onlar COVİD 19-la bağlı karantin günlərində əhalini küçələrə və zorakılığa səsləyir. Milli Şura bəyan edir ki, qətiyyən belə bir hal yoxdur və hakimiyyətin bu şər-böhtanı onun özünün necə məkrli niyyətlərdə olduğunu göstərir.
Milli Şura bildirir ki, Əli Kərimlinin çıxışlarının qarşısını bu sayaq almaq müxalifət liderlərindən birinə qarşı senzuranın tətbiqi olmaqla yanaşı, həm də cəmiyyətin azad informasiya almaq hüququna endirilən daha bir zərbədir. Milli Şura hakimiyyətin AXCP sədrinə qarşı yalnız texniki təxribatla kifayətlənməyəcəyi, daha çirkin planlara baş vura biləcəyindən narahatdır və həm yerli ictimaiyyəti, həm də dünyanın demokratik təsisatlarını bu xüsusda ayıq-sayıq olmağa, mümkün təsir vasitələri ilə hakimiyyəti pis niyyət və əməlindən imtinaya məcbur etməyə çağırır.
Milli Şura Azərbaycan hakimiyyətini bir daha məsuliyyət hissini itirməməyə, belə təxtibatçı harakətlərlə cəmiyyətdə gərginliyi artırmaqdan, özünə qarşı xalqın qəzəb və nifrətini, beynəlxalq birliyin neqativ münasibətini gücləndirməkdən çəkinməyə səsləyir. Hakimiyyət qlobal pandemiya ilə mübarizə dövrünü özünə müxalifəti və tənqidçi səsləri tamam sıradan çıxarmaq fürsətinə çevirmək niyyətindən imtina etməlidir. Nəzərə almalıdır ki, bu dövrdə məhz bu istiqamətdə artıq indiyədək atdığı addımlar onu həm Azərbaycan cəmiyyətinin, həm də dünya birliyinin gözündən bir az da salmağa kifayət edib və bu siyasətin davam etdirilməsi onu tamamilə diskreditasiya etməkdən başqa nəticə doğurmayacaq. Dünyanın çox nüfuzlu media quruluşları, beynəlxalq təşkilatlar, hətta ABŞ Dövlət Departamenti də artıq həyəcanla İlham Əliyev iqtidarının qlobal pandemiyadan sui-istifadə edərək ölkədə siyasi repressiyanı gücləndirməsindən danışır, şəxsən İlham Əliyevin özünü “hiyləgər diktator” adlandırır. Baş verənlər Azərbaycan ictimaiyyətində də hakimiyyətə qarşı əlavə narazılıq və hiddət yaradır. Hakimiyyət bütün bunlardan dərs almalı və tutduğu yanlış yoldan bir an tez geri çəkilməlidir.
Milli Şura bəyan edir ki, hakimiyyətin indiki ağır şəraiti fürsət bilib prinsipial müxalifətdən, tənqidçi fikirlərdən canını qurtarmaq niyyəti xülyadan başqa bir şey deyil. Heç bir təqib-təzyiq, təcrid etmə cəhdləri hakimiyyətin anti-xalq siyasətinə qarşı dinc, ardıcıl və prinsipial mübarizəni durdurmayacaq. İlham Əliyev iqtidarı qane olmadığı indiki münasibətdən yalnız xalqa həqiqi xidmətlə və dinc demokratik dəyişikliklərin önünü açıb, xalqın hakimiyyətini xalqa qaytarmaqla qurtula bilər.
Milli Şura sonda Azərbaycan xalqını hakimiyyətin təxribatları qarşısında sayıq olmağa, indiki karantin günlərində istənilən halda rejim qaydalarına əməl etməyə, ilk növbədə hər bir fərdimizin sağlamlığı qayğısına qalmağa, eyni zamanda qayda və qanunlar çərçivəsində bütün dinc vasitələrlə hakimiyyətdən fundamental hüquq və haqlarını tələb etməyə səsləyir. Milli Şura həmçinin beynəlxalq birliyi Azərbaycan hakimiyyətini tutduğu bu yanlış yoldan çəkindirmək, onun anti-xalq və anti-bəşəri siyasətinə son qoymaq üçün daha təsirli vasitələrdən istifadəyə çağırır.