
Milli Şuranın sədri Cəmil Həsənli
Deməli indi bunlar vaxtı ilə nasistlərin Reyxstaqı yandırmasına bənzər bir əməliyyat hazırlayırlar. Sən demə Xalq Cəbhəsi 14-15 iyul yürüş-mitinqi zamanı Milli Məclisi tutmağı “planlaşdırırmış”. Məsələyə heç bir aidiyyəti olmayan Qarabağ qazisi Asif Yusifliyə saxta bir ittihamla cinayət işi açılması da bu “zərurətdən” irəli gəlir. Guya Asif Yusifli Azərbaycan Reyxstaqının tutulması ilə bağlı AXCP sədri Əli Kərimlidən “göstəriş” gözləmək üçün aksiyaçılar arasında olub.
Həbs edilən cəbhəçiləridən “Bandotdeldə” bu ssenarını “doğrultmaq” üçün təsdiqləyici ifadələr almağa cəhd göstərilir. Əldə olunan məlumatlara görə artıq 3 cəbhəçidən “Bandotel” öz metodları ilə Asif Yusiflinin əleyhinə (yəni Əli Kərimlinin “göstərişi” ilə mühüm dövlət obyekti olan Milli Məclisinin binasının tutulması) “ifadə” ala bilib. Daha öncə yazdığım kimi məqsəd Əli Kərimliyə çıxmaq, onun həbsi üçün “hüquqi” zəmin hazırlamaqdır.
Gecə yarısı Milli Məclisin ətrafından Çevik Polis Alayının qəflətən yığışdırılması (Reyxstaq yandırılan gecədə də da nasistlər binanın mühafizəsini ertədən yığışdırmışdılar), Məclisin qapılarının gecə taybatay açıq qoyulması, və DTX-ının generalı, İlham Əliyevin bibisi oğlu Rauf Xələfovun Milli Məclisin tutulması prosesini “idarə” etməsi məhz, cəbhəçilərin Azərbaycan Reyxstaqını tutması “əməliyyatı” ilə bağlı imiş. Sən demə bir general daxil olmaqla 12 şəhid verilmiş Tovuz əməliyyatının pərdə arxası məqamı ermənilər üzərində deyil, Xalq Cəbhəsi üzərində “tarixi” qələbəyə hesablanmışmış. Eyni tamaşanı müxtəlif quruluşlarda neçə dəfə göstərərlər!