
Dünən, iyulun 19-da məhbus valideynlərinə istinadən məlumat yayılıb ki, Azərbaycandakı 2 saylı Cəzaçəkmə Müəssisəsində 40 nəfər məhkum koronavirus infeksiyası ilə bağlı karantinə alınıb.
Deyilənlərə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq cəhdləri nəticə verməyib.
Amma Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli məsələ ilə bağlı “Turan” agentliyinin sualını cavablandırıb.
Ə.Abbasbəyli deyib ki, bu günlərdə cəzaçəkmə müəssisində 40 nəfərin virusla bağlı karantinə alınması haqqında deyilənlər doğru deyil:
“5-6 nəfər olublar”
“Onlar 5-6 nəfər olublar. Hərarətləri olub, testdən keçiriliblər. Cavab yaxın günlərdə bilinəcək, amma buna baxmayaraq, həmin şəxslər digərlərindən təcrid olunublar”.
Ə.Abbasbəyli vurğulayıb ki, pandemiya ilə bağlı cəzaçəkmə müəssisələrində də kimdəsə hərarət olanda müraciətlər edilir, testlər keçirilir: “Orada monitorinq qrupu, həkim heyəti var ki, müraciət olunan yerlərə gedirlər. İstər 2 saylı, istər 14 saylı, istərsə də 6 saylı cəzaçəkmə müəssisəsi olsun, ya başqası”.
Onun deməsinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsindəki hadisə ilə də bağlı məsələ belə olub: “Həmin xəstələrə də dərhal tibbi müdaxilə olub. Onlar təcrid edilir, test olunur, testin nəticəsi aydın olanda (pozitiv çıxanda) onda həmin məhkumlar ixtisaslaşmış ayrıca tibbi korpusa yerləşdirilirlər. Hətta xəstəxanada bu xəstələr digərlərindən təcrid edilirlər”.
İctimai Komitə üzvünün deməsinə görə, indiyə qədər cəzaçəkmə müəssisələrində 13 min civarında test keçirilib.
“Bu da məhkumların çoxluğu deməkdir. Bir neçə dəfə aşkar oldu ki, belə hallar var. Bəziləri azadlığa buraxıldı, kimi müalicə olundu. İndiyə kimi cəzaçəkmə müəssisələrində 50-55 nəfərdə koronavirus infeksiyası aşkar edilib”, – Ə.Abbasbəyli deyir.
“Aqilin hərarəti var”
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmlinin (2018-ciildə həbs edilib. Çirkli pulların yuyulmasında ittiham olunaraq 4 il həbs cəzası alıb. O, ittihamı qəbul etmir) anasının AzadlıqRadiosuna deməsinə görə, hazırda oğlunun da səhhəti qaydasında deyil: “Aqilin hərarəti var, dünən günortadan sonra xəstəxanaya köçürüblər”.
Azərbaycan həbsxanalarında bundan əvvəl 46 məhkumda koronavirus infeksiyasının aşkarlandığı açıqlanmışdı. Daha sonra 18 nəfərin də əlavə bu virusa yoluxduğunun aşkarlandığı açıqlanmışdı.
Azadlıq radiosu