
Cəmil Həsənli
Milli Şuranın sədri
Dünən yazmışdım hakimiyyət 14-15 iyul miting-yürüşündə xalqa tələ qururdu. İlham Əliyevin məlum göstərişlərindən sonra cəbhəçi ovu intensiv xarakter alıb. Doğrusu, son vaxtlar polis orqanları ilə bağlı alınan sarsıdıcı xəbərlər adamı heyrətə gətirir. Bunlardan biri səhv etmirəmsə elə baş verən sərhəd döyüşlərindən az əvvəl karantin şəbəbiylə Tovuz rayonunda yas mərasiminin dağıdılması, üç və yeddi mərasimlərinin hər biri üçün ayrılıqda “rəisin adından rəis müavinin” 500 manat rüşvət istəməsi, ikincisi isə jurnalistlərin məlumatına görə Nəsimi rayon polis bölmələrinin birində oğlu yürüşə görə tutulmuş bir qadından onun azadlığa buraxılmasına görə 5000 manat rüşvət tələb edilməsi və bu məqsədlə ayrı bir valideyndən 4000 manat rüşvət alınmasıdır. Ölüdən karantinə görə, diridən işğal altında olan Qarabağa dəstək yürüşünə görə rüşvət tələb edilməsi Əliyev rejiminin rəzalət içində olduğunu acınacaqlı mənzərəsidir.
Amma bunlar hər nə qədər acınacaqlı olsa da “xırda xərcliklərdir”. XIX əsrdə çar Rusiyasında əyalətlərə göndərilən məmurlara maaş kəsmirdilər, onlar yerli əhalinin hesabına qarınların otarmalı və ailəsini də dolandırmalı idilər. İndi bizdə hüquq mühafizə orqanların çoxminli ordusu həm yüksək maaş alır, həm qarnını əhali hesabına doyurur, həm də ailəsini xalqdan yığılan rüşvət hesabına saxlayır.
14-15 iyul aksiyasının əsas hədəfi əlbəttə cəbhəçilərdir. İlham Əliyevin 15 iyul çıxışında AXCP-yə qarşı yeni repressiya barədə verdiyi göstərişə uyğun olaraq bu günlərdə çoxlu sayda cəbhəçi saxlanılıb. Bunlar partiyanın Rəyasət Heyətinin üzvü Qarabağ qazisi Asif Yusifli, Bəxtiyar İmanov, partiya fəalları Ramid Nağıyev, İsmayıl Həsənov, Ramil Tağıyev, Vüqar Əbilov və başqlarıdır. Onları da 14-15 iyul Qarabağ mitinqinə görə həbs ediblər. Hərçənd Bəxtiyar bəy ümumiyyətlə o mitinqdə olmayıb.
Qəribə mənzərə yaranıb: cəbhəçilərin bir dəstəsini aksiyada iştirakına, başqa bir dəstəsini isə iştirak etmədiklərinə görə tuturlar. Öncədən ssenariləşdirilmiş şablon ittihamlardır: Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кüllü miqdarda ziyan vurma; İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə və ya bu cür hərəкətlərdə fəal iştiraк etmə; Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə. Ən dəhşətlisi odur ki, Qarabağa dəstək mitinqində Qarabağ qazisi, bir müddət əvvəl həbsdən çıxmış Asif Yusifli də saxlanılıb və yuxarıda qeyd edilən maddələr toplusunda haqqında cinayət işi açılıb.
Təxribat qrupları tərəfindən Milli Məclisin “tutulması” və polis maşınlarının “aşırılması” əməliyyatları Qarabağa dəstək aksiyasının “fakturasını” cəbhəçilərə kəsmək üçün törədilməşdi. Və məlum əməliyyatlarda rəsmi hakimiyyət qurumları bilavasitə təxribatçı rolunda çıxış edirdilər. Nə Xalq Cəbhəsi, nə Milli Şura məlum aksiyanın təşkilatçısı olmasa da, onlar öz qəlbinin hökmü ilə Qarabağa dəstək aksiyasına qoşulmuş ayrı-ayrı cəbhəçilərin vətən sevgisindən namərdcəsinə bu fədakar insanlara qarşı istifadə edirlər.
Bu insanlar heç bir cinayət sayılacaq əməl törətməyiblər, heç bir suç sahibi deyillər. Əksinə bütün milli və mənəvi dəyərlərə görə onlar bu vətənin həqiqi və sədaqətli oğullarıdır. Lakin onların üzv olduğu Xalq Cəbhəsi partiyası İlham Əliyev tərəfindən “düşmən” elan edilib və onlar da bu düşmənçilik dalğasında həbs edilirlər. Belə məlum olur ki, bir general olmaqla 12 şəhid verdiyimiz Tovuz əməliyyatının hədəfi ermənilər deyilmiş, Xalq Cəbhəsi imiş. Düşmən cəbhəsində uğur qazana bilməyən kleptokratik Əliyev rejimi ölkə içində xalqa qarşı, Xalq Cəbhəsi və Milli Şuraya qarşı savaş açıb. Bu savaşda da o, məğlubiyyətə məhkumdur. Çoxları bu fikrə düşsə də, lakin öz xalqı üzərində qələbə çalmaq hələ heç bir diktatora, avtoritara, kleptokratikə nəsib olmayıb.