
Qənimət Zahid
Bu tərs və kor inad cəbhəçilərə qarşıdır. Amma niyə cəbhəçilərə qarşıdır ? Aydındır, düşünmək olar kiI, İlham Əliyev cəbhəçilərə nifrət edir. Bunun da səbəbi var. Cəbhəçilər ictimai fikrin əyilməyən, avtoritarizmə qarşı dirəniş göstərən və milli mənafeləri şərtləndirən prinsiplərin deformasiyasına yol vermədən dirəniş göstərən azərbaycanlıların ümumi obrazını yaradırlar. İlham Əliyev yaltaqlığın obrazını sevir, əyilməyin- sınmağın, məddahlığın obrazını sevir və əyilməzliyi ilə nümunələr yaradanlara nifrət edir. Onun çevrəsində, hökumət kabinetindən siyasi adlandıra biləcəyiniz kabinetinə qədər qürurunu yaltaqlıq elementlərinə təslim etməyən adamları görə bilməzsiz. Qürurlu- vüqarlı azərbaycanlılara nifrət edir İlham Əliyev.
Cəbhəçilər isə qürurun, dirənişin standartlarını hər gün daha yüksəkıərə qaldırırlar. Onlar yalnız demokratiya uğrunda dirəniş göstərmirlər, həm də qürurlu azərbaycanlı obrazının necə olduğunu, necə olmalı olduğunu göstərirlər.
İlham Əliyev bu standartlara nifrət edir.
O, cəbhəçiləri bitirmək istəyir və əslində həmin standartları darmadağın etmək istəyir. Cəbhəçilər olmayanda «paket» müxalifətinin nazı ilə də oynamağa gərək qalmayacaq, dekorasiyalara çəkilən xərclərə və sərf edilən zamana da ehtiyac olmayacaq.
Cəbhəçilər qürurun və azadlığın abidəsini qoruyurlar, İlham Əliyev isə cəmiyyətin dərinliklərinə qədər yaltaqlığın- məddahlığın heykəllərini yapmaqda israrlıdır.
Ona görə də cəbhəçiləri sıradan çıxarmaq, bir təbəqə olaraq məhv etmək istəyir, bunu hətta açıq efirə verilən rəsmi toplantılarında da bəyan edir, zərrə qədər də çəkinmir ki, bu əsl siyasi faşizm kimi dəyərləndirilir.
Azərbaycanda isə ictimai və fərdi ləyaqətin, qürurun sıradan çıxmaması naminə dirənişlər var, bu dirənişin önündə bir zümrə olaraq cəbhəçilər dayanır. Buna görə də onları qoruyun, onlara mənəvi dəstək verin, çəkinmədən, uca səslə, hər tərəfdən «hamımız cəbhəçiyik » deyin: indi bu bir partiya mənsubu olmağı ifadə etmir, indi bu, cəmiyyətin qürur və ləyaqət standartlarını müəyyən edir.
«Mən cəbhəçiyəm» demək həmin standartların qorunması üçün bir nəfərin edə biləcəyini etmiş olacaqsız!
Bu gün «mən cəbhəçiyəm!» deməyə ehtiyat edəcəksizsə, sabah ölkəni tərk etmək üçün yollar və bəhanələr axtarmağa başlayacaqsız… ən yaxşı halda…