İctimai fəal Bəxtiyar Hacıyev
11 noyabr 2020 səhəri yazdığımız və narahatlığımızı ifadə etdiyimiz 10 noyabr üçtərəfli bəyanatındakı ifadələr (“təmas xətti”, “tutduqları mövqelərdə qalacaqlar”, “çıxarılması”, “Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi” ) və Rusiyanın Azərbaycanda törədə biləcəyi təxribatlarla, münaqişənin bitməməsi, ərazi bütövlüyümüzün bərpa edilməməsi ilə bağlı yazdıqlarımıza etiraz edənlər indi xorla biz dediklərimizi deyirlər.
Rusiya Müdafiə Nazirliyi açıq şəkildə bildirir ki, “Dağlıq Qarabağ silahlı birləşmələri” ilə Azərbaycan silahlı qüvvələri arasında atışma qeydə alınıb. Rusiya açıq deyir ki, Qarabağda erməni silahlı birləşmələri qalıb. Halbuki, elə Rusiya sülhməramlıları onları Azərbaycan ərazisindən çıxarmalı idilər.
10 noyabr bəyanatında Azərbaycanın öhdəlikləri çox dəqiq yazılıb. Laçın dəhlizi dərhal ermənilərə açıldı, 5 km eni müəyyənləşdirildi, Şuşadan yan keçməklə (!) növbəti 3 ildə (!) yeni marşrut inşa edilir və s. Amma Ermənistanın öhdəlikləri ilə bağlı ifadələr oynaq, hər tərəfə yozulacaq şəkildə yazılıb. Zəngəzur dəhlizi ilə bağlı nə en müəyyənləşib, nə müddət, nə tarix.
Ərazi bütövlüyümüz təmin edilibsə, Laçın dəhlizinin girişində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları dayanmalı, ölkəyə girən və çıxan nəqliyyat vasitələrini, vətəndaşları yoxlamalı idi ki, bu gün İrana “yük maşınlarınız nə daşıyır, bəlkə silah?” notası verilməsin, “nəqliyyat vasitələrində erməni əsgərlər Qarabağa daşınır” məsələləri müzakirə mövzusu olmasın.
9 ay sonra bu məsələlər yenidən müzakirəyə çıxarılıb. İndi bunu da yazaq, bir 9 ay sonra bəlkə eyni mövqeyə gələrik: Rusiya bölgədə sülhü, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyəcək. Rusiyaya “nəzarət edirsənsə, et, etmirsənsə, zəhmət olmasa, qoşunlarını da götür, tərk et” mesajı verilməlidir. Əks halda hər gün Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdirilən Rusiya hərbi hissələri, silahlı qüvvələri tədricən Qarabağa soxulacaqlar və bir gün onları oradan çıxarmaq ümumiyyətlə mümkün olmayacaq.
Hər keçən gün Azərbaycanın əleyinə işləyir. Xeyli geciksək də, ortaya qətiyyətli mövqe qoymaq vaxtıdır.