AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Yanlışdan doğruya, nahaqdan haqqa keçid təkamüldür. Haqdan üz döndərib nahaqqın yanında yer almaq, azadlıq mübarizəsindən imtina edib, despotizmin müdafiəçisinə çevrilmək isə xəyanətdir. Xəyanət komanda dəyişməyə görə olmur, bəşəri dəyərləri, mütərəqqi ideyaları, prinsipləri şəxsi marağına görə satıb haqsızın, zalımn yanında yer alanda olur. Ona görə də Gültəkin Hacıbəylinin vaxtı ilə olduğu komandanı tərk etməsi bir siyasi təkamül nümunəsidir. Onun bu keçidini, demokratiya və azadlıq uğrundakı mübarizəsini maddi təminatlar, imtiyazlar müqabilində satıb, iqtidar komandasına keçənlərlə eyniləşdirmək olmaz.
Gültəkin xanımın seçimində onun şəxsi marağına xidmət edən bircə nüans tapmaq mümkün deyil. Bu seçimi ona şəxsiyyətinə qarşı mənəvi terror, övladı ilə təzyiqlər, evini əlindən almağa cəhdləri, maddi məhrumiyyətlər, məhkəmələrdə süründürmələr gətiribsə, bu xanıma ancaq alqış düşür. Çünki, o başqalarının həsədlə baxdığı, prinsiplərini belə qurban verərək əldə etmək istədiyi maddi imkanlardan, imtiyazlardan bir çoxları üçün sadəcə bəlağətli, gəlişi gözəl sözlər sayılan ədalət, azadlıq, demokratiya ideyaları naminə imtina edərək , dəyişiklik arzusunda olan bir xalq üçün şəxsi fədakarlıq nümunəsi yaradıb. Bu fədakarlığı edən, öz komfort həyatını məşəqqətli mübarizəyə dəyişən bir xanımı nə deyib qınamaq olar, hansı ədalət meyarı ilə günahlandırmaq olar. Bu imtina etdikləri onun səmimiyyətinin, demokratiya ideyalarına bağlılığının sübutu deyilmi?
Biz gerçəkdən də ölkəsinin nicatını, tərəqqisini Heydər Əliyev hakimiyyətində görən, sonra yanıldığını anlayan və bundan sonra öz prinsiplərinə, ədalət hissinə, xalqına sevgisinə görə olduğu düşərgəni tərk edən Lalə Şövkət örnəyini görmüşük. Kimsə o zaman Lalə xanıma güvənmirik, öz komandasına xəyanət edib dedimi? Əksinə, Elçibəy kimi saf və dürüst bir milli lider Lalə xanımla bir yerdə o zamankı hakimiyyətə qarşı birgə mübarizə aparırdı. İndi Lalə xanımın yerini boş qoymayan Gültəkin xanım demokratik mübarizənin öndə olan liderlərindən birinə çevrilibsə buna ancaq sevinmək olar.
Gültəkin xanımın çıxışlarına, yazdıqlarına baxan hər kəs onun siyasi yetkinliyini, dərin analiz qabiliyyətini, hadisələrə rasional yanaşma qabiliyyətinin olduğunu görə bilər. Buna görə əlavə sübuta, izahata ehtiyac yoxdur.
Bütün bu keyfiyyətləri ilə birgə öz kübar xanımlıq tərzi, intellektual səviyyəsi ilə ilə cəmiyyətdə demokratik müxalifətə rəğbət oyadan, ən müxtəlif təzyiqlərə qarşı dik duruşu, sınmaz əzmi ilə cəsarət nümunəsi yaradan Gültəkin xanım, bu gün demokratik prosesin mübarizə simvollarından biri hesab olunur. O buna görə də heç bir halda tək deyil və onun apardığı fədakar mübarizəyə dəyər verənlərin, şəxsiyyətinə sayğı duyanların sevimlisi olaraq cəmiyyətdə böyük rəğbət qazanıb. Bu sevgi və rəğbət onun fədakarlığının və bütöv şəxsiyyətini qazandığı bir haqqdır.