AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Hakimiyyət təmsilçiləri hər dəfə səsləndirdiyimiz tənqidlər qarşısında arqumentsiz qaldıqları üçün, bizim qərəzlili olduğumuzu və iqtidarın müsbət addımlarını görmədiyimizi deyirlər. Bu yazıda İlham Əliyevin dünənki müsahibəsindəki bəzi müsbət məqamları qeyd etməyimiz bunu əslində belə olmadığını göstərir.
✅ İlham Əliyev dünən “SNN Türkə” verdiyi müsahibəsində Rusiyanı Ermənistanın müttəfiqi adlandırdı. Tamam, doğru. Bu yeni bilinir? Təbii ki, xeyr. Uzun zamandır ki, müxalifət olaraq bu həqiqəti hər fürsətdə səsləndirərək, xarici siyasətimizin buna uyğun qurulmasını tələb etməkdəyik. İndi İlham Əliyevin bu barədəki fikriləri uzun illər ərzində Rusiyaynı strateji müttəfiq kimi təqdim edən rəsmi dövlət konsepsiyanın əslində yanlış olmasının etirafı kimi səslənməkdədir. Praqmatik baxımdan Rusiyanın Ermənistanın müttəfiqi kimi qəbul edilərək, siyasətin də buna uyğun qurulması daha doğru yanaşmadır. Bu baxımdan Ermənistanın müttəfiqi olan bir ölkənin hərbi qüvvələrinin sülhməramlı adı ilə Qarabağa gətirilməsinin strateji baxımdan ciddi hərbi siyasi səhv olduğu da özlüyündə ortaya çıxmış olur.
✅ Digər birb mühüm məqam Rusiya “sülhməramlılarının” fəaliyyəti ilə bağlı narazılığın dövlət başçısı səviyyəsində dilə gətirilməsidir. İndiyədək İlham Əliyev başda olmaqla ətrafı Kremlin Qarabağdakı milli maraqlarımıza zidd davranışlarını görməzdən gələrək, ruslara təşəkkür edirdilər. Nəhayət ki, dövlət başçısı Rusiya “sülhməramlılarının” fəaliyyətini tənqid etməklə, bu məsələdə müxalifətin ilk gündən səsləndirdiyi milli maraqlarımıza uyğun mövqeyi bölüşmüş oldu.
✅ Başqa mühüm məqam 10 noyabr Bəyanatından sonra “Ermənistanın kapituluyasiya etdiyini” , “ərazi bütövlüyümüzün bərpa olunduğunu” deyən dövlət başçısının bu müsahibəsində nəhayət ki, bu fikirlərdən imtina edərək, ermənilərin yeni gərginlik yaratmağa çalışdıqlarını, Qarabağa hərbi qüvvələr göndərdiklərini, Rusiyanın onları silahlandırmasını açıq mətnlə deməsi oldu. Bu münaqişənin hələ bitmədiyi və ərazimizdə yerləşən separatçı rejimin Rusiyanın hərbi dəstəyi ilə revanş hazırlaşmasının etirafı idi. Demək ki, iqtidar Qarabağ münaqişəsinin sonadək həll olunmadığı, ərazi bütövlüyümüzün təmin olunmadığı gerçəyini nəhayət qəbul edərək, siyasətini də bu reallığa uyğun qurmalı olduğunu başa düşməyə başlayır. Müxalifət olaraq biz də hər fürsətdə hakimiyyətin Qarabağda baş verənlərə münasibətdə “münaqişə bitib”, “ərazi bütövlüyümüz bərpa olunub” kimi yanaşmasının doğru olmadığını deyirdik. Bu gün İlham Əliyevin müsahibəsində də müxalifətin bu fikirlərinin təsdiqini görürük və bunu təqdir edirik.
✅ İlham Əliyev müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi məsələsini AB Şurası Sədri Şarl Mişellə müzakirə edib və bu Avropanın maraqlarına da uyğundur. İlk dəfə idi ki, o Qarabağ münaqişəsinin həlli paketində nəzərdə tutulan kommunikasiya məsələsini Rusiyanın deyil, AB nin maraqları konteksində qiymətləndiridi. Bu ölkəmizin xarici siyasətinin Rusiyanın maraqları əsasında dizayn edilməsindən kənara çıxmaq təşəbbüsüdür və belə də olmalıdır. Zatən illərdir ki, müxalifət olaraq Rusiya ilə yaxınlaşmanın və edilən birtərəfli güzəştlərin mili mənafeyimizə yğun olmadığını, avrointeqrasiya istiqamətindən addımlar atılmasını tələb edirik.
✅ Bu baxımdan hazırkı mərhələdə xarici siyasət konsepsiyasının AB ilə geniş əməkdaşlığı hədəf alaraq həyata keçirilməsinə xüsusi önəm verməmizi gərəkdir.
Ancaq məsələ bununla bitmir. Bir halda ki, Rusiya ilə münasibətlərdə gec də olsa etiraf olunan gerçəklər Qərbə inteqrasiyanın alternativi olmayan bir seçim olduğunu göstərir, o zaman bu yöndə daha real addımlar atmağa gərək var. İranla bağlı XİN – nin verdiyi son bəyanat, Cənub və Şimal qonşusularının geosiyasi məngənəsində sıxılan Azərbaycanın AB – yə sürətli inteqrasiya etməkdən başqa yolu olmadığını göstərir.
İndi qalır AB ilə əməkdaşlıq istiqamətində daha real addımlar atmaq. Bundan ötrü isə dəyişən geosiyasi reallıqların doğurduğu zərurət kimi, ölkə daxilində demokratik islahatlara başlanmalı, iqtisadi, siyasi açılımıara gedilməli və ən başlıcası avtoritar idarəçilik kursundan imtina edilməlidir. Bu sadəcə bir istək deyil, qlobal tarixi proseslərin diqtəsidir.