Milli Şuranın sədri, professor Cəmil Həsənli
Əhalinin və əkin sahələrinin su təchizatı ilə bağlı ölkədə acınacaqlı mənzərə yaranıb. Artıq bir neçə ildir bu mənzərə təkrar olunur. Bu ilki məhərrəmlik günlərində ölkə susuzluqdan Kərbəla müsibəti yaşayır. Bütün ölkə su deyib haray çəkir, bütün əhali su həyəcanı yaşayır. İlham Əliyevin “uğurlu” iqtisadi reformalarının ən dəhşətli nəticələrindən biri əhalinin içməli su problemin yaranmasıdır. Yaxın keçmişə qədər ölkədə içməli su problemi yox idi. Əksinə, may-iyun aylarında bir qayda olaraq insanlar çayların daşmasının fəsadlarından ziyan çəkirdilər.
Azərbaycanda içməli su qıtlığının bəzi obyektiv səbəbləri vardır. Bunlardan birincisi Cənubi Qafqazın su ehtiyatlarının 15 faizdən bir qədər çoxunun Azərbaycanın payına düşməsidir. İkincisi, qonşu ölkələrdən keçib gələn su ehtiyatlarının çirkləndirilməsi və maksimum istismarı. Üçünçüsü, 30 il ərzində Azərbaycanın daha çox içməli su mənbələrinin işğal altında qalması. Bunlara bəzi subyektiv amilləri də (su israfçılığı, suvarma şəbəkələrinin dağılması, su ehtiyatlarının oliqarxlar tərəfindən ələ keçirilməsi, sərhəd sularının qonşulara “güzəştə” gedilməsi və s.) əlavə etsək hazırkı susuzluğun mənzərəsi bir qədər aydınlaşar. Amma heç olmasa ölkənin Aran ərazisində yaşayan əhali çörəyi daşdan çıxdığı kimi, suyu da daşdan keçirib içməklə böyrəklərinin daşlaşmasının qarşısını qismən ala bilirdi. İndi əhali yay aylarında o çirkli suyun üzünə də həsrət qalıb.
Əslində, ölkənin su problemi yararsız idarəçiliklə bağlıdır. Hətta bu yararsız idarəçilik şəraitində belə bu yay su qıtlığı olmamalı idi. İşğaldan azad oluna ərazilər hesabına Azərbaycanın su ehtiyatları 20 faiz artıb. Yəni işğaldan azad olunan ərazilərdə: çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr ətrafındadır. İşğaldan azad edilən ərazilərdən başlayan, 13 iri çay Kür və Araz çaylarına tökülür. Ölkə hüdudları daxilində olan Tərtərçay və onun qolları Tutqunçay, Levçay, Torağayçay, eyni zamanda, Həkəriçay, Qarqarçay, Quruçay, Xaçınçay və Köndələnçayı bol və davamlı su ehtiyatları ilə seçilir. Mənbəyi ölkə hüdudlarından kənar başlanan Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Zabuxçayı da bura əlavə etsək su, xüsusiylə içməli su ehtiyatlarınımızın həcminin nə qədər artığının şahidi olarıq. İndiyə qədər deyirdilər ermənilər suyun, çayların qabağın kəsir, bəs bu gün Azərbaycan xalqının suya həsrət qalmasının günahkarı kimdir. Göründüyü kimi, ölkədə yetərincə su ehtiyatı var, lakin onu xalqa çatdıran yoxdur.
Araz çayının Azərbaycan sahilində nəzarətin bərpa edilməsi və bütövlükdə ötən ilə qədər düşmənin nəzarətində olan 9 su anbarının (Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay su anbarı, Qarqarçayın üzərində Ağdamkənd su anbarı və Köndələnçayın üzərində “Köndələnçay-1”, “Köndələnçay-2” və Aşağı Köndələnçay su anbarları) azad edilməsi əlavə su imkanları yaradır. Lakin Azərbaycan hökumətinin maymaylığı ucbatından bir neçə il əvvəl Araz çayının üzərində inşa edilmiş Xudafərin və Qız qalası su anbarları Aran bölgəsi əhalisinin və təsərrüfatlarının susuz qalmasının əsas səbəblərindən biridir.
Təsəvvür edin ki, bu su anbarlarından toplanan su ehtiyatlarından yay aylarında İran tərəfi 80 min hektar, Azərbaycan tərəfi isə 8 min hektar ərazini suvarma hüququna malikdir. Bu gün Azərbaycanın Aran bölgəsinin su deyib dad çəkməsinin, böyük bir ərazinin Kərbəla çölünə çevrilməsinin başlıca səbəblərindən biri budur. İkincisi, əkinə yararlı torpaqların hakim ailə və məmur oliqarxlar tərəfindən ələ keçirilməsi və sudan istifadə imtiyazının bu zümrənin əlinə keçməsi əhalini bu Məhərrəmlik günlərində Fəratdan uzaq salıb. Vaxtı ilə adamlar haqsızlığa, zülmə və zülmkarra qarşı heç olmasa su ərizəsi göndərə bilirdilər. Bu gün Aran bölgəsində Həzrət Abbas ərizəsi göndərməyə belə bir arx qalmayıb.
Neçə ildir bu problem yaşanmaqdadır. Əkin yerləri bir tərəfə qalsın. İnsanların mal-qarası susuzluqdan tələf olur. Adamlar su deyib cəhənnəm əzabı yaşayır. Çünki onların diriliyi və dirriyi su ilə bağlıdır. 40-50 manata bir maşın su almaq hər kəsin çibinə görə deyil. İnsanlar bilmirlər iş, çörək, dolanışıq dərdi çəksinlər, ya su dərdi çəksinlər. İlham Əliyev 2021-ci ilin aprel ayının 19-da işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında Sərəncam verdi. Amma adamlara Sərəncam yox su lazımdır. Ölkənin yarısında suyu eşşəklə daşıyırlar, o biri yarısında da suya həsrət torpaqlarda eşşək yıxılsa dişi sınar. İnşallah “Ağıllı kəndlər” salınandan sonra bu heyvanların da canı qurtarar.