Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun hazırda Şüvəlan təcridxanasında saxlandığı, məhkəmənin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
AXCP-dən verilən məlumata görə, A.Hümbətov dünən, avqustun 15-də xanımına zəng vuraraq şərləndiyini bildirib.
“Turan” agentliyinin xəbərinə görə, onun həyat yoldaşı Aygün Hümbətova da deyib ki, əri Zirə qəsəbəsində bir necə manat qazanmaq üçün əhalinin tulladığı zibil, habelə kağız-karton yığmaqla məşğul olub. Xanımı vurğulayıb ki, ərinin deməsinə görə, həyətlərdən birinə sifarişlə çağırılıb və orada şərlənib.
Yaxınlarının söyləməsinə görə, A.Hümbətov habelə deyib ki, fiziki təzyiq yolu ilə ondan etirafedici ifadələr də alınıb.
Yaxınlarının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu nazirlik, bir qayda olaraq, insanlardan fiziki təzyiq yolu ilə etirafedici ifadələr alınması ilə bağlı şikayətləri əsassız sayır.
Nazirliyin mətbuat xidmətindən amma bundan əvvəl deyilib ki, A.Hümbətov Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıb. Hadisənin bu il avqustun 11-də baş verdiyi qeyd edilib.
Cəbhəçi fəal bıçaqlamada günahlandırılır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov avqustun 11-də saxlanıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. Onun sözlərinə görə, A.Hümbətov dünən, avqustun 11-də axşam evə gəlib şam yeməyini yeyib, evdən çıxıb və geri qayıtmayıb: “Gecə mənə Xəzər rayon Polis İdarəsindən zəng vurub bildiriblər ki, Aqil cinayət törətməkdə şübhəli bilinərək saxlanıb”.
Lakin həyat yoldaşının vurğulamasına görə, A.Hümbətovun nədə şübhəli bilindiyi ona deyilməyib.
Rəsmi məlumat
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də “Turan”a A.Hümbətovun saxlanmasını təsdiq ediblər: “O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanıb. Hazırda istintaq aparılır”.
Azadlıq radiosu