Müdafiə Xətti dərin narahatçılıqla bildirir ki, son vaxtlar hakimiyyətin tənqidçilərinə qarşı repressiyaları mütəmadi hal almağa başlayıb.
11 avqust 2021-ci il tarixdə sosial şəbəkələrdə hakimiyyətin sərt tənqidçisi kimi tanınan Aqil Valeh oğlu Hümmətov öz peşə fəaliyyəti ilə məşğul olarkən yoxa çıxıb, həmin gecə onun Xəzər Rayon Polis İdarəsində olduğu məlum olub. 4 sutka ərzində ona ailəsi ilə görüşə icazə verilməyib. 16.08.2021 tarixdə vəkil Nemət Kərimli 3 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs Aqil Hümmətovla görüşə bilib. Məlum olub ki, Hümmətov haqqında Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilərək təcridxanaya etap edilib.
A. Hümmətovun vəkilinə verdiyi məlumata görə 11 avqust 2021-ci il tarixdə telefon zəngi ilə yaşadığı Zirə qəsəbəsində vaxtaşırı özünə məxsus motorroller ilə məişət tullantıları daşıdığı ünvana çağırılıb, bir dəfəyə tullantı qoşquya yerləşmədiyinə görə ikinci dəfə həmin ünvana döndükdə evin xanımı həyətdə tək olduğuna görə geri qayıtmaq istəyib, lakin xanım onu çağıraraq tullantını götürməyi xahiş edib. Tullantını yükləyərkən evin sahibi həyətə daxil olub, onun iştirakı olmadan həyətə girməsinə irad bildirərək üstünə hücum çəkərək döyməyə başlayıb. Onun əlindən qurtulan Hümmətov qaçıb özünü motorrollerə çatdırıb, polis avtomobilinin heyrətamiz dərəcədə operativ, hadisədən keçən iki-üç dəqiqə ərzində motorollerin yanında olduğunu görüb. Hümmətov hadisə yerində heç bir araşdırma aparılmadan polis avtomobilinə mindirilərək Xəzər Rayon Polis İdarəsinə aparılıb, üç gün fasiləsiz olaraq fiziki və psixoloji işgəncələrə, təhqirə məruz qalıb, sonda lüt soyundurularaq zorlanacağı ilə hədələndikdən sonra ondan tələb olunan ifadəyə-guya ev sahibinə bıçaqla xəsarət yetirdiyinə dair saxta ifadəyə imza atmağa razı olub. Vəkili ilə görüşdə ifadələrə fiziki zor və zorlama hədəsi qarşısında imza atdığını, onlardan imtina etdiyini yazılı surətdə bildirib.
Müdafiə Xətti qeyd edir ki, A. Hümmətov bundan əvvəl də tənqidi çıxışlarına görə dəfələrlə inzibati qaydada həbs edilib. 3 ay müddətinə məcburi surətdə ruhi-əsəb dispanserinə salınaraq işgəncələrə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalıb.
Müdafiə Xətti öz qanuni haqqını tələb etdiyinə görə üç uşaq atası, evin yeganə qazanc gətirəni A. Hümmətova qarşı növbəti şərləmə planına dərhal son qoyulmasını qətiyyətlə tələb edir və məsələni nəzarətdə saxlayacağını bəyan edir.
Müdafiə Xətti xahiş edir ki, Baş Prokurorluq, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi məsələni nəzarətə götürsün.