AXCP sədri Əli Kərimli
Aqil Hümbətova qarşı ittiham irəli sürüldü və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Bütün xalqın gözü qarşısında AXCP üzvü Aqil Hümbətovu şərlədilər. Aqil Hümbətov İlham Əliyevi sərt tənqid edirdi. Ritorikası çox sərt idi. Hətta partiyadan da ona ritorikasını korrektə etmək deyilmişdi. Aqil bəyi tanıyanlar hakimiyyətin mahiyyətini bildiklərindən onun bir gün şərlənəcəyini gözləyirdilər. Ona görə də Aqil bəyin cinayət törətmədiyi hamıya aydındır. Ancaq buna baxmayaraq, Aqil bəyə qarşı qəsdən bədənə ağır xəsarət yetirmək ittihamı quraşdırıblar. Özü də həyat yoldaşı vasitəsilə ictimaiyyətə xəbər göndərib ki, onu nəinki şərləyiblər, həm də 10 nəfərin iştirakı ilə vəhşicəsinə döyüblər.
Nə istəyirdi Aqil Hümbətov? 3 körpə övladına uşaqpulu, özünə iş istəyirdi. Hər bir vətəndaşına sahib çıxmalı hakimiyyət isə ona nəinki uşaqpulu və iş vermədi, üstəlik özünü də həbs etdi. Nə qədər zalım və qəddar olasan ki, bu körpələri ac və atasız qoyasan. Aqil Hümbətov heç azadlıqda olanda bu uşaqlara baxa bilmirdi. Dövlət adından qərar verənlər nəyə görə bu körpələrin taleyinin bundan sonra necə olacağını düşünmürlər?
Heç olmasa, biz xalq olaraq Aqil Hümbətovun acı taleyinə biganə qalmayaq.