Şura Əmiraslanova: “Cəzaçəkmə müəssisəsində oğluma verilən işgəncələrin səbəbkarı oradakılardır”
Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamı ilə şərlənərək həbs olunan gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək. Buna səbəb isə Qiyasın saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalmasıdır. Bu haqda Şura Əmiraslanova özü məlumat verib.
“Oğlum 2 saylı cəzaçəkmə müəssisəsində rəis və rəis müavini tərəfindən döyülüb, ona xəsarət yetirilib. Ona görə də Prezident Aparatı qarşısında etiraz aksiyası keçirəcəm. Bu işgəncələrin səbəbkarı mən orada oturanlardır. Qiyasla bağlı sifarişlər oradan gəlir”, – deyə Şura Əmiraslanova bildirib.
2 saylı cəzaçəkmə müəssisəsindəki işgəncələr
Qeyd edək ki, Qiyas İbrahimov dünən cəzaçəkmə müəssisəsindən məktub göndərərək, ictimaiyyəti həyatının təhlükədə olması haqda xəbərdar edib. Məktubda heykəl məhbusunun müəssisədə məruz qaldığı işgəncələrdən bəhs olunur. Məlum olur ki, gənc fəal Kürdəxanı təcridxanasından bu müəssisəyə köçürüldüyü gün orada cərimə kamerasına (“kars”) salınıb. Ona “yoxlanışa mane olmsı və suallara “qeyri-səmimi” cavab verməsi” bəhanəsi ilə 15 sutka “kars” cəzası veriblər.
Bununla da kifayətlənməyiblər. Müəssisənin əməliyyat bölməsinin rəisinin təhqirlərinə cavab verdiyinə görə “kars”da rəis müavini Şakir Qəniyev tərəfindən döyülüb. Baxmayaraq ki, bütün yerli və beynəlxalq ictimaiyyətə Qiyas İbrahimov və Bayram Məmmədovun məhzheykəli yazdıqlarına görə şərləndikləri məlumdur, amma rəis müavini onu təxribata çəkmək məqsədilə narkotik satışında ittiham edib. Qiyas İbrahimov da dözməyərək, “narkotiki sizin kimilər satır” cavabını verib.Rəis mMüavin isə “indi sənə sübut edərəm” deyərək, gənc fəalı əli qandallı vəziyyətdə müəssisənin rəisi Fikrət Qafarovun yanına aparıb. Bundan sonra rəisin əmri ilə Qiyas yenidən döyülüb və ona xəsarət yetirilib, hələ də qulağında şişkinlik qalır.
“Sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?”, – deyib və söyüş söyüb.
Həmçinin Fikrət Qafarov heykəl məhbusunu Qobustandakı qapalı həbsxanaya göndərməklə hədələyib.
Bu səbəbdən Qiyas İbrahimov üç gün aclıq aksiyası keçirib. Bundan sonra müəssisədə vəziyyət nisbətən yumşalıb.
Xatırladaq ki, Qiyas İbrahimov 2016-cı il mayın 10-da digər gənc fəal Bayram Məmmədovla birlikdə Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə ertəsi gün həbs olunub. Hər iki gəncə CM-nin 234.4.3 (külli miqdarda narkotik satışı) ittihamı verilib və onların hər ikisi 10 il azadlıqdan məhrum edilib.
azadliq.info
Oxunub: 438