Yaxud, Varşava müqaviləsini bəhanə edib, hüquqsuzluqla müqavilə bağlamaq
YAP hakimiyyətində vəzifə tutanların hər birinin özünəməxsus qəribəlikləri var. Bəzən elə “şedevr” fikirlər səslənidirirlər ki, təəəccüb insanı əsir götürür. Bəli, bu mənada YAP hökuməti həqiqətən də rəqib tanımır və rəngarəng kadrlara malikdir. Belə “şedevr” açıqlamaları tez-tez prezidentin xarici məsələlər üzrə köməkçisi Novruz Məmmədovdan eşidirik. Novruz müəllim “RİA- Novosti”yə müsahibəsində yenə də “qızıl fikirlər”i dövriyyəyə buraxıb. “Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsiplərini saxlaya bilməyib”-deyə Novruz Məmmədov bildirib.
Novruz Məmmədovun dərin analizini şərh etməzdən əvvəl, bir müddət əvvəl şahidi olduğum bir dialoqu xatırlatmaq istəyirəm. Avtobusda ölkədəki problemlərlə bağlı müzakirə gedirdi. Hərə bir fikir söylədi, müxtəlif arqumentlər səsləndirdi. Sonda bir nəfər müdrikcəsinə görkəm aldı və dedi: “Bizim dərdlərimizin kökü Koroğludan başalyır. O vaxtdan qanımızda qarışıqlıq olub. Əgər onların qanı təmiz olsaydı, bugün bu qədər pisliklərin şahidi olmazdıq. Problemin kökü dərindir”.
Bəli, “müdrik ağsaqqal” ölkədəki korrupsiyanı, saxtakarlığı, ədalətsizliyi Koroğlunun boynuna yüklədi. Hansısa icra başçısının harınlığı, sən demə Koroğlunun qanıyla bağlıymış. İndi də Novruz Məmmədov bənzər arqumentlə silahlanıb. Təəssüf hissiylə qeyd edir ki, dünyanın ədaləti Varşava müqaviləsinin qüvvədən düşməsiylə darmadağın olub.
Xatırladaq ki, Varşava Müqaviləsi 1955-ci ildə SSRİ-nin Avropadakı sosialist bloku dövlətləri ilə NATO-ya qarşı yaratdığı hərbi ittifaq idi. SSRİ-də, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən dəyişikliklər nəticəsində 1991-ci ilin 1 iyulunda Varşava Müqaviləsi ittifaqı fəaliyyətini dayandırdı.
Bəlli olur ki, Novruz müəllim sovet dövrünün xiffətini çəkirmiş, “xalqlar həbsxanası”nda özünü azad hiss edirmiş. O hesab edirmiş ki, Varşava müqaviləsi dünyanı ədalət libasına bürüyəcəkmiş və bu müqavilə fəaliyyətini dayandırmaqla dünya əbədi qaranlığa məhkum olub. Adam bu “arqument” qarşısında ağlamaq da istəyir, qəhqəhə çəkib gülmək də.
Novruz Məmmədovun 1955-ci ilə səyahətindən dərhal sonra, yağlı suallar meydana çıxır. Görəsən, Azərbaycandakı seçki saxtakarlığının, milyardlarla dövlət vəsaitinin mənimsənilməsinin, günahsız insanların şərlənərək həbsə atılmasının da əsas səbəbi Varşava müqaviləsidir? Yəni, Varşava müqaviləsi ləğv olunmasaydı, YAP hakimiyyəti ölkəyə ədalət səpəcəkdi? Bütün beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətindən repressiyaları dayandırmağı, şəffaf seçki keçirməyi, söz azadlığına şərait yaratmağı tələb edir. Novruz Məmmədov isə dünyanı ədalətsizlikdə ittiham edir. Qarabağ münaqişəsindən danışır, Azərbyacanın haqlı mövqeyindən söhbət açır və bir dəfə də Rusiyanın işğalçıya dəstək verdiyini dilinə gətirə bilmir. Müstəqil dövlətin rəsmi təmsilçisi Ermənistanın Rusiyadan güc aldığını, düşmənin Rusiyaya güvənərək işağlın ömrünü uzatdığını söyləyə bilmir. Yaxud, Rusiyanın son bəyanatlarına qətiyyətli cavab verməkdən çəkinir. Azərbyacanın ərazibütövlüyünü dəstəkləyən, bu istiqamətdə qətnamələr qəbul edən ölkələri, təşkilatları ittiham edir, amma “Ermənistan bizim əsas müttəfiqimizdir”, “Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatı verən Rusiyaya toz qondurmur. Sonra da Varşava müqaviləsinin nostaljisiylə yaşadığını bəyan edir. Bəlkə də Varşava müqaviləsi qüvvədə qalsaydı, Rusiya Qarabağı Ermənistana bağışlamaq üçün hüquqi əsaslar düzəltmişdi.
Bir sözlə, Novruz Məmmədova demək istəyirik ki, ədaləti Varşava müqaviləsində deyil, yarıtmaz idarəçilikdə axtarmaq lazımdır. Hökumət avtoritarizmlə müqavilə bağlayıbsa, Varşava müqaviləsindən söhbət açmaq absurddur. Əgər korrupsiya cədvəllərində Azərbaycanın adı birinci, şəffaf seçki cədvəllərində sonuncu yazılırsa dünyadan icimək lazım deyil. Əgər azad sözün boğulmasına görə öndə, təhsilin, səhiyyənin, azad sahibkarlığın səviyyəsinə görə sondayıqsa, öz “müqavilə”mizdən inciyək. Ölkədə ədaləti dar ağacına çəkib, dünyadan ədalət ummaq cığallıqdı. Varşava müqaviləsinin ləğvindən Azərbaycan heç nə itirməyib, amma hökumətin hüquqsuzluqla müqavilə bağlamasından sonra Azərbaycan sahib olduqlarını itirməyə məhkum olub.
İham
Oxunub: 516