“Prokuror uşaqlarının hər birinin cibindən 300-350 dərman tapdıq”
O vaxt biz prokuror uşaqlarını tutduq, hərəsinin cibindən 300-350 ‘tabletka’ çıxdı. Ortada video var idi deyə, işi bağlaya bilmədilər. Prokurorluq bizimlə o vaxtdan düşmənçiliyə başladı”, – həbsdə olan MTN polkovniki Səlim Məmmədovun sözləridir.
Səlim Məmmədov MTN-də Akif Çovdarovun rəhbərlik etdiyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Hazırda da Çovdarov və həmin idarənin əməkdaşı olmuş daha iki nəfər – polkovnik Akif Əliyev və Orxan Osmanovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimi, Sabunçu Rayon Məhkəməsinin binasında baxır.
Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 9 ildən 15 ilə qədər cəza, vəkilləri isə bəraət istəyib. Hazırda təqsirləndirilən şəxslərin son söz demək mərhələsidir.
Sentyabrın 27-də Səlim Məmmədov son sözünü deyib.
O bildirib ki, evində axtarış zamanı ailəsinə sataşıblar: “579 adam tutmuşam, heç birinin evində axtarışda kobudluq olmayıb. Amma mənim evimdə axtarış aparılanda ailəmə sataşıblar. Hətta həyat yoldaşımın boyunbağısını da aparıblar”.
Prokurorluğun onlarla düşmənçilik apardığını deyən S.Məmmədov bildirib ki, bu münasibətin kökündə MTN-in 2008-ci ildə narkotikin istifadəsi və satışı ilə məşğul olan prokuror övladlarını həbs etməsi dayanır.
“Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ‘ekstazi’ satması barədə bizdə məlumat var idi. Polis oğlunun danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun və Əzizbəyov (indiki Xəzər rayonu – red.) rayonunun keçmiş prokurorunun övladlarına gedib çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm ki, prokurorluq aləmi qatıb bir-birinə. Deyirdilər ki, ‘sən prokurorların uşaqlarına sataşmısan’. Az qalırdılar, məni xalq düşməni elan eləsinlər. Ortada video var idi deyə, işi bağlaya bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 ‘tabletka’ çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı”, – S.Məmmədov belə deyib.
MTN polkovniki özü ilə yanaşı, Akif Çovdarovu, keçmiş nazir Eldar Mahmudovu da müdafiə edib. Deyib ki, onlar daim dövlətə, dövlətçiliyə xidmət edib: “Çıxarılacaq hökmdən asılı olmayaraq , yenə dövlətçiliyə sadiq qalacağıq. Keçmiş “MTN-çi” olmur. Amma bizlə qərəzli davranırlar.
Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu (jurnalist Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edilsə də, sonradan 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılıb, hazırda Avropada mühacirətdədir – red.) atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız?”
S.Məmmədov MTN-nin bazasında yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən də narazılıq edib: “Biz işləyəndə il ərzində 1 tondan çox narkotik aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər.
Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.
(Azadlig.org)
Oxunub: 564