Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb. Sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib. Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxandan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:
“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu. Ənvər Seyidovun fəaliyyətinə ictimaiyyətdə birmənalı münasibət olmadığından, onunla bağlı olay gündəmin diqqətçəkən hadisəsinə çevirilmiş, sosial şəbəkələrdə müzakirələr açılmışdı. Xəstəxanadan çıxdıqdan sonra Ə.Seyidov hökm oxumağa davam edirdi.
Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. O, əmək fəaliyyətinə 1964-cü ildən başlayıb. Səhiyyə və rabitə sahələrində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrini tutub.
1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri olub.
Hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimidir.
“Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi” (2003), “Konstitusiya və hüququn əsasları”, “Hüququn əsasları” (2008), “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) kitablarının müəllifidir.
Çoxları yəqin bilmir ki, Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir.
Ə.Seyidov “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür.
Ə.Seyidov “Qızıl Qələm”, “Qızıl Qılınc” və Rəsul Rza adına mükafatlara layiq görülüb. “Təlatüm”, “Gürzə”, “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir.
Ə.Seyidov Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmaqla yanaşı hüquq elmləri doktoru, professordur. Azərbaycan Pedoqoji Universitetinin Elmi Şurasının üzvüdür.
Qeyd etdiyimiz kimi, Ənvər Seyidov bir sıra qalmaqallı məhkəmə işlərinə sədrik etmiş hakim kimi tanınıb. Cəmiyyətdə onun hakimlik fəaliyyətinə birmənalı münasibət yoxdur. Bəziləri onu ədalətsiz hakim kimi xarakterizə edir. Sonuncu dəfə Ə.Seyidovun adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığı rezonanslı məktubla media və ictimaiyyətin diqqət mərkəzində olub.
MTN tərəfindən qanunsuz həbs olunan bir qrup təqsirləndirilən şəxsə bağlı qapılar arxasında 10-14 il həbs cəzası kəsən Ənvər Seyidov daha sonra nazir Eldar Mahmudova məktub yazaraq, həmin insanları şərləyib həbs edən, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyan MTN-nin Antiterror Mərkəzinin bir qrup əməkdaşını “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırmağı xahiş edib.
MTN ləğv ediləndən sonra “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmaları xahiş olunan həmin poqonlu quldurların əksəriyyəti həbsə düşüb.
Ənvər Seyidovun təriflədiyi Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev də həbsxanaya salınıb. (Modern.az)
Oxunub: 702