“Bayramla dünən görüşmüşəm. Zahiri görkəmindən görünürdü ki, vəziyyəti yaxşı deyil. Amma bizi narahat eləməmək üçün bu haqda danışmadı”, – keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüarı yazandan sonra həbs olunan gənc fəal Bayram Məmmədovun anası Sevinc Məmmədovanın sözləridir.
Son günlər Bayram Məmmədovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində əlverişsiz şəraitdə saxlanması, nəticədə səhhətində ciddi problemlər yaranması haqda məlumatlar yayılıb. Bununla əlaqədar oktyabrın 20-də məhbus ailələri bir araya gəlib.
“BÖYRƏKLƏRİ SIRADAN ÇIXIR”
Bayramın anası Sevinc Məmmədova toplantıya telefon vasitəsilə qatılıb. Bildirib ki, övladının həyatına görə çox narahatdır. Ananın sözlərinə görə, hazırda Bayramın əsas problemi onun saxlandığı yerlə bağlıdır: “Qapının ağzında, ayaqyolunun yanında, külək tutan yerdə saxlayırlar onu. Nəticədə Bayram qısa müddətdə dəfələrlə xəstələnib. Mənə deməsə də, vəkilinə bildirib ki, böyrəkləri sıradan çıxır”.
S.Məmmədova deyir ki, oktyabrın 19-da Ombudsman Aparatının əməkdaşları da cəzaçəkmə müəssisəsində Bayramla görüşüb. Amma oğlu ona bu görüşün nəticəsi haqda heç nə deməyib: “Nə qədər soruşsam da, baş verənlər haqda danışmaq istəmir. Deyir ki, “ana, buradakı vəziyyət çöldəkindən çox fərqlidir. Mənim istədiyim övladımın sağlamlığıdır. Ona görə də xahiş edirəm, yer məsələsinə əncam çəksinlər, dəyişsinlər”.
Bayram Məmmədov bu yaxınlarda 10 günlük cərimə təcridxanasına (“kars”) salınmışdı. Səbəb kimi isə onun yataqxanada yerini özbaşına dəyişməsi göstərilmişdi.
Bayramın atası Fərman Məmmədov deyir ki, oğlunun cəzalandırılması üçün göstərilən bu səbəb yalandır, çünki onun yerinin dəyişməsindən cəzaçəkmə müəssisəsinin rəhbərliyi də məlumatlı olub: “Bayramın yeri bir ay idi dəyişmişdi. Hər çarpayının üstündə məhbusun nömrəsi, adı olur. Necə ola bilərdi ki, müəssisə rəhbərliyinin bundan xəbəri olmasın? Mümkün deyil axı…”.
“ÖZ HESABIMIZA MÜALİCƏ ETDİRƏK”
Heykələ şüar yazdığına görə Bayramla birlikdə həbs olunan başqa bir gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova təklif edib ki, B. Məmmədovun müalicəsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət olunsun: “Bayramın müalicəsini onlara etibar eləmək olmaz. Beynəlxalq Qırmızı Xaç Komitəsi razılaşdırsın, öz hesabımıza onu müalicə etdirək”.
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan başqa bir gənc fəal İlkin Rüstəmzadənin anası Atlas Hüseynova günahsız həbs olunan şəxslər ətrafında baş verənlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını vacib sayır. Deyir ki, Bayram Məmmədov və digərlərinə qarşı törədilən qanunsuzluqlara etirazlar kampaniya xarakterli olmamalıdır, davamlı şəkildə həyata keçirilməlidir: “Bəlkə də edam cəzası olsaydı, bu uşaqları edam edərdilər”.
Həbsdə olan məhbus ailələrindən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur isə bu cür üsullarla “sınmayan” siyasi məhbuslardan qisas alındığını söyləyib.
“Xural” qəzetinin baş redaktoru, vaxtilə həbsdə olmuş Əvəz Zeynallı isə bildirib ki, Bayram Məmmədov, eləcə də siyasi motivlərlə həbs olunmuş digər şəxslərə qarşı həbsdə baş verənlər siyasi sifarişlə həyata keçirilir: “Yer məsələsi də müəssisə rəhbərliyinin özfəaliyyəti deyil. Bu, ölkənin ən ali rəhbərliyindən gələn sifarişdir. Vaxtilə bütün bunları yaşamış biri kimi əminliklə deyirəm”.
Oxunub: 192