Onun vəkilinin “vəkillərin qeydiyyat kitabı” əlindən alınıb
Gürcüstandan oğurlanıb Azərbaycanda həbsə atılan araşdırmaçı jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında təzyiqlə üzləşib. Bu barədə o, Facebook statusunda yazır:
“Bu gün (dünən – red.) Bakı İstintaq Təcridxanasında Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilmiş və Azərbaycanda həbsdə saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşdüm. Onunla bağlı istintaq hərəkəti var idi. Belə ki, Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan edildi, lakin ittiham edildiyi Cinayət Məcəlləsinin 206.1., 315.2. və 318.1-ci maddələr dəyişdirilmədən saxlanıldı, yalnız ittihamın məzmununda dəyişiklik edildi. Əfqan Muxtarlı bildirdi ki, özünü təqsirli bilmir, tənqidi və araşdırma yazılarına görə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib və qanunsuz həbsdə saxlanılır, eyni zamanda dindirmə protokoluna qeyd etdi ki, səhhəti çox ağırdır, ürək nahiyəsində və bədəninin müxtəlif yerlərində kəskin ağrılardan əziyyət çəkdiyini, öz hesabına Mərkəzi Klinik Xəstəxanasında və ya Gömrük Hospitalında müayinə və müalicə olunmasına razılıq verilsin.
Daha sonra Əfqan Muxtarlı ilə təkbətək görüşdük, müdafiə ilə bağlı bir sıra taktikaları müzakirə etdik. İstintaq Təcridxanasından çıxan zaman jurnalların qeydiyyatı otağında Rövşən adlı gizir və Ədalət adlı əməkdaş məcburi olaraq mənim əlimdən üzərində “vəkillərin qeydiyyat kitabı” yazılmış, yaşıl üzlü vəkillik peşəmlə bağlı qeydlərimin olduğu kitabçanı əlimdən aldılar və Ə.Muxtarlı ilə təkbətək görüş zamanı müdafiə ilə bağlı taktikamızı oxudular, bunun qanunsuz olduğunu bidlirdikdə isə bu göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini, ona görə də rəhbərliyin onları müdafiə edəcəklərindən əmin olduqları üçün heç kəsdən qorxmadıqlarını bildirdilər. Onlar məni təhlükəsizlik məqsədi ilə yoxlamırdılar, çünki onları yalnız mənim qeydiyyat kitabıma Əfqanla görüş zamanı etdiyim qeydlər maraqlandırırdı ki, bizim “konfidensial” görüşümüzdə müzakirə etdiyimiz məsələləri prokurorluğa çatdırsınlar.
Bu, Azərbaycanda müdafiə hüququnun təminatının (mövcud olmamasının) göstəricisidir, insanları günahsız həbs etmək azmış kimi onların müdafiə hüququnu da pozurlar. İngilis dilini bilən dostlardan xahiş edirəm ki, bu gün vəkilə qarşı baş vermiş bu özbaşınalığı ingilis dilinə tərcümə edib bütün dünyaya yaysınlar.
Baş vermiş qanunsuzluqla bağlı ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ombudsmana şikayətlər edəcəm və Vəkillər Kollegiyasına məktub yzacam ki, hər bir şəxsin əsassız şikayətləri ilə vəkillərin barəsində əsassız intizam icraatı başlayan Vəkillər Kollegiyası bu qanunsuzluğu Ədliyyə Nazirliyinin diqqətinə çatdırsın, heç olmasa bir dəfə vəkili, vəkilliyi müdafiə etsin”.
Oxunub: 138