Ədalət mühakiməsi müdafiədən başlayır. Müdafiə hüququna hörmət edilmirsə, ədalət mühakiməsinin effektsizliyi qaçılmazdır. İstər Avropa İnsan Hüquqları Konvensiyası, istərsə də başqa mötəbər insan hüquqlarına dair aktlarda da şəxsin müdafiə hüququnda birinci üstünlük verilən kriteriya məhz “özünün seçdiyi hüquqşünasın müdafiə etməsi” hüququ konsepsiyasıdır. Özünü müdafiə etmək hüququ isə bütün növ icraatlarda – cinayət, mülki, inzibati, məhkəməyəqədərki, iqtisadi, investisiya, idman və sair mübahisələri ehtiva etməkdədir. Heç bir halda şəxs üzərinə məcburən digər hüquqşünası müdafiəçi kimi seçmək seçimi qoyulmamalıdır. Demək olar, bütün hallarda şəxsin “öz hüquqşünasını” seçmək hüququna hörmət edilməlidir. Təcrübə hər zaman onu göstərib və göstərir ki, ədalət mühakiməsinə inamı əks etdirən əsaslardan biri hüquqi xidmət göstərən şəxsə olan inamla da bağlıdır. Əks halda şəxsin öz istəyi olmadıqda, bu yöndə alternativlərini seçə bilmədikdə, şəxs ədalət mühakiməsinə elə inamsız başlayır. Bu isə cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı sarsıdan amildir.
1) Ədalət mühakiməsinə inamın əsasını təşkil edən başlıca meyar məhz pullu və pulsuz əsaslarla özünün seçdiyi hüquqşünasın müdafiəsindən istifadə etməkdir (Ruanda Beynəlxalq Cinayət Tribunalı zamanı hüquqşunasın prosesdən uzaqlaşdırılması qərarından çıxarış).
2) Əgər hüquqi xidmət zamanı hüquqşünasın prosesdə iştirakını istisna edən və demoktatik cəmiyyət üçün zəruri tələblər, həmçinin mənafelərin toqquşması halı olmadıqca, şəxsin hüquqşünas seçimi müstəsna olaraq təmin edilməlidir, hörmət olunmalıdır (BMT-nin “Hüquqşünasların Rolunun Əsas Prinsiplərinə dair AKT”).
3) Ədalət mühakiməsinin gedişində hüquqşünasın dəyişdirilməsi və başqası ilə əvəzlənməsi halında belə, yenə şəxsin öz seçiminin olub-olmaması araşdırılmalıdır və bütün addımlar şəxsin inandığı hüquqşünaslarla təmsil olunmaq zərurəti və müstəsnalığı yönündən çıxış edilməlidir (Prosecutor v. Akayesu-nun işi üzrə qərarda hüquqşünasın uzaqlaşdırılması, Ruanda Tribunalı).
4) Hər kəsin özü və özünün seçdiyi vəkillə müdafiə olunmaq hüququ vardır (Avropa İnsan Hüquqları Konvensiyası 6-cı maddəsinin 3-cü hissəsinin C yarımbəndi).
5 )Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin C yarımbəndi özündə 3 elementli hüququ, 1)özünü şəxsən müdafiə etmək, 2) Özünün seçdiyi/inandığı/güvəndiyi hüquqşünasla müdafiə olunmaq, 3) Pulsuz hüquqi yardımdan istifadə etmək hüququnu ehtiva edir. Bu 3 elementli hüquq, əslində, 3 mərhələni ehtiva edir ki, yuxarıdan aşağıya doğru hərəkət edilməlidir, yəni 1-nin mövcudluğu, 2 və 3-ün tətbiqini, həmçinin 2-nin mövcudluğu, 3-ün tətbiqini istisna edir. 3 tətbiq edilirsə, deməli, şəxs 1 və 2-ci mərhələdə olan hüquqlardan istifadə etmək istəməmişdir.
Yuxarıdakı siyahını və nümunələri, ümdə tələbləri uzatmaq da olardı. Amma mahiyyət hər kəsə bəlli olduğunu nəzərə alaraq qeyd edim ki, son dəyişiklik, birbaşa şəxsin müdafiə hüququna müdaxilədir və məhkəməyə olan inamın bir az da sarsılmasına səbəb olacaq. Onsuz da Avropa Şurasında “ədalət mühakiməmiz”, demək olar, sonuncu yerdədir, elə sonuncudur. Bəlkə də əhalinin 95 faizi və daha artığı ədalət mühakiməsinə inanmır, bu dəyişikliksə, demək olar, şəxsləri istəmədikləri şəxslə təmsil olunmaq məcburiyyətində qoyacaq, bu da ədalət mühakiməsinə olan inamın tamamilə yox olmasını qaçılmaz edəcək.
Belə bir deyim var, “Ədalət mühakiməsi prosessual və substantiv olaraq tək həyata keçirilməməlidir, zahirən də ədalət mühakiməsinin həyata keçirildiyi insanların süurunda formalaşmalıdır”. Hesab edirəm ki, məhz öz seçimi ilə təmsil olunmaq (sözsüz ki, seçim nümayəndələr də ola bilər və praktikada daha çox seçimin nümayəndələrdən yanadır) ədalət mühakiməsinə inamın ilkin mərhələsi olan – zahiri inamın yaranmasına, nəticədə məhkəmə aktına və məhkəmənin ədaləti bərba etdiyi yöndə inamın artmasına səbəb olur. Son dəyişiklik isə olan inamların da sökülüb atılması deməkdir.
Yazı müəllifin Facebook statusundan götürülüb.
Oxunub: 442