Noyabrın 7-si Ali Məhkəmə azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovun 2 il 6 ay azadlıqdan məhrum edilməsindən verilən kassasiya şikayətinə baxıb.
Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə jurnalistin cəza müddətini 2 il 6 aydan 1 il 6 aya endirib.
Vəkil məhkəmədəki çıxışında bildirib ki, Ə.Sadıqov barəsində çıxarılmış məhkəmə qərarı qanunsuz və əsassızdır. Jurnalist şərlənib. O, məhkəmədən xahiş edib ki, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılsın.
Vəkilin dediyinə görə, məhkəmə qərar verərkən jurnalistin ittiham olunduğu maddəni dəyişib. Ə.Sadıqov Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə məhkum edilmişdi. Ali Məhkəmə həmin maddəni CM-nin 127.1-ci (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə dəyişib.
azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadını vurmaqda ittiham edilib. Ə.Sadıqov isə bunu qurama iş adlandırıb.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il 6 ay azadlıqdan məhrum edib.
Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.
Bu açıqlamalara hələlik Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.
Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Oxunub: 272