“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş prokuror Zakir Qaralova cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətini almaq və cinayət işinin materialları ilə tanış olmaq hüququnu təmin etmək xahişilə ərizə göndərib.
Müraciət Vergilər Nazirliyi və Prokurorluq cinayət işinə xitam verilməsi haqqında qərarla və istintaq materialları ilə tanış olmaq hüququnu təmin etməkdən imtina etdikdən sonra göndərilib.
“Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm və bu səbəbdən hesab edirəm ki, iş üzrə icraata cinayət hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Lakin indiyə kimi, mənə və müdafiəçimə məktubda göstərilən qərar və cinayət işi materialları təqdim edilməmişdir, buna görə də, öz müdafiə mövqeyimi və sonrakı hüquqi hərəkətlərimi (şikayət verilməsi və s.) müəyyən etməkdə çətinlik çəkirəm. Vergi Cinayətlərinin İbtidai Araşdırılması
Departamentinin İstintaq idarəsində bizə bildirmişlər ki, cinayət işi hazırda Baş Prokurorluqda olduğundan bu hüquqlarım təmin edə bilmirlər.
Bununla bağlı olaraq, xahiş edirəm, cinayət işinə xitam verilməsi barədə qərarın surətinin verilməsi və iş materialları ilə tanış olma hüquqlarım təmin edilsin”, deyə müraciətdə bildirilir.
Noyabrın 2-də Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Baş Prokurorluğa, baş prokurorun birinci müavini Rüstəm Usubovun yanına çağırılıb, o, özünə və Turan agentliyinə qarşı cinayət işinə xitam verilməsi haqqında rəsmi məktubu təqdim edib. Amma prokurorluq hələ də 30 oktyabr tarixli işə xitam verilməsi haqqında qərarı təqdim etməyib.
Noyabrın 6-da M.Əliyevin adına Vergilər Nazirliyi nəzdində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktor müavini Qurban Mehrəliyevin imzası ilə “şəraitin dəyişməsi” ilə əlaqədar Turan agentliyinə qarşı cinayət işinə xitam verildiyi barədə məktub daxil olub.
2 noyabr tarixli bu məktubda deyilir ki, “Turan İnformasiya Agentliyi” MMC-yə qarşı cinayət işi 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1 (vergi ödənişindən yayınma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.3-cü (şəraitin dəyişməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi) maddəsi əsasında xitam verilib.
Amma məktubda məhz hansı hal və şərtin dəyişdiyi açıqlanmır.
Eyni zamanda, deyilir ki, bu qərardan prosessual nəzarəti həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər.
40.2.3-cü maddənin (hal və şərtlərin dəyişməsi) mahiyyəti AR CM-in 74-cü maddəsində açıqlanır (Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə): “Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər”.
“Bu ifadənin qəbul edilməsi mənim cinayət törətdiyimin təsdiqi deməkdir. Mən cinayət törətməmişəm, buna görə cinayət işinə xitam verilməsinin bu şəkildə açıqlanması ilə heç cür razılaşa bilmərəm”, deyə Mehman Əliyev bildirib.
Bundan başqa, Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manat məbləğində əlavə vergi borcu hesablanması haqqında 7 avqust 2017-ci il tarixli qərarı da ləğv edilməyib.
Xatırladaq ki(“Turan”), Lokal Gəlirlər Departamenti hələ mayda Turan Agentliyinə 2016-cı il üçün 5 min manat sanksiya təyin edib. Amma Turan-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası iyunun 30-da bu qərarı ləğv edib.
Bununla belə, avqustun 7-də elə həmin departament 2016-cı il üçün bu dəfə 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat ödənilməmiş vergi borcu hesablayıb. Bundan sonra agentliyə qarşı cinayət işi açılıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Amma sentyabrın 11-də o, Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.
Sentyabrın 1-dən agentlik təsərrüfat-maliyyə fəaliyyətini rəsmi olaraq dayandırıb və bütün ittiham və cərimələr götürülənə qədər bərpa edə bilmir.
Oxunub: 126